Trampın NATO qərarında Türkiyə iddiası: İsraillə qarşıdurma olacaq?

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Cozef Kentin NATO ilə bağlı açıqlaması diqqət çəkib. Kentin sözlərinə görə, ölkənin Alyansdan ayrılmaq istəyinin arxasında duran əsl səbəb Türkiyə ilə İsrail arasında yarana biləcək mümkün gərginlikdə Vaşinqtonun Təl-Əvivin tərəfində yer almaq niyyətidir.

Sabiq rəhbərin açıqlaması maraqlıdır, lakin bu kimi iddialar ABŞ siyasətinin real istiqamətini əks etdirmir. Ümumiyyətlə, ABŞ-ın xarici siyasəti bir nəfərin baxışına əsasən deyil, çoxsaylı institutların, maraqların və uzunmüddətli strategiyaların qarşılıqlı təsiri ilə formalaşır. Əgər məsələyə geosiyasi prizmadan baxsaq, NATO ABŞ üçün sadəcə hərbi ittifaq deyil, həm də qlobal təsir alətidir. ABŞ-ın NATO-dan çıxmasına dair iddialar səslənə bilər, lakin bu addımın reallaşması üçün çox ciddi struktur dəyişiklikləri və siyasi konsensus lazımdır.

Düzdür, son zamanlar Prezident Donald Tramp NATO-nu sərt tənqid edir, hətta Vaşinqtonun Alyansı tərk edəcəyini deyir. Lakin aydın məsələdir ki, Trampın bu tip açıqlamaları daha çox siyasi təzyiq məqsədi daşıyır. O, tələblərinin və ABŞ-ın maraqları kontekstində irəli sürdüyü istəklərinin yerinə yetirilməsi üçün alyans ölkələrinin geri addım atacağını düşünür.

Türkiyə-İsrail əlaqələrinə gəldikdə isə, iki ölkə arasında münasibətlər tarixən dalğalı olub. Vaşinqtonun İsraili dəstəkləməsi sirr deyil, amma bu, Türkiyəni tam şəkildə qarşı tərəfə itələmək bahasına ediləcək qədər sərt və birmənalı xətt kimi görülmür. Türkiyə NATO üzvüdür və ABŞ üçün həm hərbi, həm də coğrafi baxımdan əhəmiyyətlidir. Vaşinqton bu günə qədər hər iki ölkə ilə strateji tərəfdaşlıq münasibətləri saxlayıb, hətta bu cür gərginliklərdə balans siyasəti aparıb.

ABŞ-ın konkret bir regional gərginliyə görə NATO-nu tərk etməsi qeyri-real bir versiyadır. Bu gün ABŞ-da bəzi siyasətçilər NATO-nun ölkə üçün "çox baha başa gəldiyini" deyir, bəziləri isə əksinə, onu Vaşinqtonun qlobal liderliyinin əsas sütunu kimi görür. Yəni bu məsələ çoxşaxəlidir və təkcə Yaxın Şərqdəki bir potensial ssenari ilə izah edilə bilməz.

Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31