Vahid yumruq strategiyası: Bakı və Ankara daxili təhlükəsizlikdə koordinasiyanı artırır- ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə görüşüb. Görüş zamanı qonaq Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb, Prezident İlham Əliyev də qarşılıqlı salamlarını göndərib. Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik əsasında inkişaf etdiyini, xüsusilə daxili işlər orqanları arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayıblar.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan və Türkiyə arasındakı münasibətlər beynəlxalq diplomatik leksikonda qəbul edilmiş "strateji tərəfdaşlıq" çərçivəsini çoxdan aşaraq, dünyada analoqu olmayan bir qardaşlıq modelinə çevrilmişdir. Aprelin 9-da Bakıda baş tutan yüksək səviyyəli qəbul bu sarsılmaz birliyin sadəcə hərbi və siyasi müstəvidə deyil, həm də dövlətin daxili sütunlarını təşkil edən asayiş və təhlükəsizlik qurumları səviyyəsində nə qədər dərindən kök saldığını bir daha sübut edir. Daxili işlər nazirlikləri arasında güclənən əməkdaşlıq "Bir millət, iki dövlət" fəlsəfəsinin praktiki tətbiqidir. Bu işbirliyi regionun təhlükəsizlik mühitinə polad qədər möhkəm bir stabillik gətirir. Çünki iki qardaş ölkənin daxili asayişinin birgə qorunması, istənilən xarici təhdid və ya destruktiv müdaxilə cəhdinə qarşı vahid bir səngərin qurulması deməkdir.
Mövcud mürəkkəb geosiyasi şəraitdə bu görüşü strateji müttəfiqliyin "institusional inteqrasiya" mərhələsi kimi qiymətləndirmək tamamilə yerindədir. Şuşa Bəyannaməsi ilə rəsmiləşən bu sarsılmaz bağlar artıq hər iki dövlətin daxili strukturlarının kapilyar damarlarına qədər nüfuz edir. Bakı və Ankara bu əməkdaşlıqla dünyaya bəyan edir ki, Azərbaycanın sabitliyi Türkiyənin, Türkiyənin təhlükəsizliyi isə Azərbaycanın milli marağıdır. Belə bir yanaşma Cənubi Qafqazda kənar güclərin oyunlarını iflasa uğradan, bölgəni təhdidlərdən sığortalayan ən böyük güc faktorudur. İki qardaş ölkənin hüquq-mühafizə orqanlarının çiyin-çiyinə fəaliyyəti təkcə cinayətkarlıqla mübarizə deyil, həm də gələcəyin böyük Türk birliyinin daxili təhlükəsizlik arxitekturasının təməl daşıdır. Bu mərhələ, tərəfdaşlığın sadəcə sözdə deyil, ən həssas sahələrdə belə vahid yumruq kimi birləşdiyini nümayiş etdirən yeni və daha sarsılmaz bir zirvədir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31