Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə təyyarəsinin "Qara qutu" məlumatları təqdim olunub
11:58 SiyasətGürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə ordusuna məxsus "C-130" tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan araşdırmaların son durumu barədə hesabat təqdim olunub.Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Hesabata əsasən texniki ekspertiza işləri hələ də davam etdirilməkdədir.
Hesabatda qeyd olunub ki, "Qara qutu" - Uçuş Məlumatlarının Qeydiyyatı Qurğusunun ( FDR) məlumatları araşdırılarkən qəza anına qədər rəqəmsal qeydlərdə uçuş heyətinin danışığında və təyyarənin sistemlərində hər şeyin normal davam etdiyi, hər hansı nasazlığın aşkarlanmadığı, hadisənin qəfil baş verdiyi müəyyən edilib.
Təyyarənin quyruq hissəsini gövdədən ayrılması nəticəsində FDR-ə aid enerji və məlumat kabellərinin qopduğu, bu səbəbdən qeydiyyatın dayandığı, nəticə etibarilə isə qeyd cihazında qəzanı aydınlaşdıracaq əlavə məlumatların olmadığı müəyyən edilib.
Bildirilib ki, Jandarma Kriminal İdarəsi tərəfindən təyyarə qalıqlarından götürülən nümunələrin araşdırılması nəticəsində daxildən və xaricdən hər hansı partlayıcı maddə izinə rast gəlinməyib.
Qeyd edək ki, 2025-ci ilin noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.