Ermənistan kimə səs verəcək: Paşinyan xilas yolları arayır- ÖZƏL
10:25 Siyasət"Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri təkcə daxili siyasi proses deyil, bu, həm ölkənin istiqamətini, həm də Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edə biləcək kritik mərhələdir". Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib. Onun sözlərinə görə, bu, sıradan bir seçki olmayacaq:
"Parlament seçkilərində əsas rəqabət bir neçə əsas siyasi fiqur və blok arasında gedəcək. Əsas rəqiblər hazırkı baş nazri Nikol Paşinyan və onun komandası və sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi düşərgədir. Hakim "Vətəndaş Müqaviləsi" partiyası demokratik Qərbə inteqrasiya xəttinin, islahatçı kursun tərəfdarıdır. "Ermənistan" blokunun lideri Robert Köçəryan isə revanşist qüvvələri təmsil edir. O, daha çox Avrasiyaçıdır və Rusiya ilə sıx münasibətlərin saxlanılmasından yanadır. Bir sıra ekspertlər hesab edir ki, Azərbaycanla sülh prosesinin yubanması, Zəngəzur dəhlizinin açılmaması, Paşinyanın vəd etdiyi sosial rifahın təmin olunmaması "islahatçı" baş nazirin mövqelərini zəiflədir. Hesab edilir ki, revanşist qüvvələr bundan yararlanıb hakimiyyəti ələ keçirə bilərlər. Son illər Paşinyan tərəfindən mövqelərinə ciddi zərbə vurulmuş kilsənin də müxalifətə dəstək verəcəyi güman olunur. Əslində ilk baxışda görünən odur ki, Paşinyanın mövqeyi çox zəifləyib və iyun seçkilərində onun rəqibləri qalib gələ bilər. Nəzəri baxımdan mümkündür. Amma reallıq başqa yanaşmanı ortaya qoyur. Doğrudur, Paşinyan Qarabağ məsələsində məğlub tərəfdir. Azərbaycanla 44 günlük savaş onun zamanında baş tutub. Ermənistan məğlub olub, işğal etdiyi əraziləri geri qaytarmaq zorunda qalıb, Qarabağ münaqişəsi birdəfəlik tarixin arxivinə verilib. Bu, "Qarabağ kartı"nın siyasətə gətirdiyi Robert Köçəryan, Serj Sarkisyan kimi siyasi fiqurların əlini gücləndirir. Üstəlik, ötən ilin avqust ayının 8- də Vaşinqtonda ABŞ-ın şahidliyi ilə keçirilən görüşdə başlanmış proses də yekun nəticəyə ulaşmayıb. ABŞ-ın İran-İsrail savaşına qatılması və gözlənilən nəticənin əldə olunmaması Trampın vəziyyətini çətinləşdirib. Tramp İranda gözlədiyi nəticəni alsaydı "Zəngəzur prosesi" də sürətlənəcəkdi. Bu baxımdan Paşinyanın durumu bir az da çətinləşib".
Siaysi ekspert hesab edir ki, iyuna qədər Nikol Paşinyanın mövqelərini gücləndirən başqa "siyasi sürprizlər" edilə bilər.
"Məsələ burasındadır ki, Türkiyə və Ermənistan arasında məhz İrəvanın işğalçılıq siyasəti və qonşulara ərazi iddiası səbəbindən onillərlə bağlı qalan sərhədlə bağlı yeni qərarlar ola bilər. Qərb mətbuatının yazdığına görə, sərhədlər yaxın aylarda açıla bilər. Məlumatda deyilir ki, Alican-Akyaka sərhəd-keçid məntəqələrinin fəaliyyətə başlaması üçün hazırlıqları başa çatmaq üzrədir. Rəsmi İrəvan Türkiyənin şərq vilayətləri ilə də sərhədin açılmasına böyük önəm verir. İyuna qədər bu, baş tutsa, Nikol Paşinyanın mövqeləri güclənəcək. Rəsmi Bakı da sülhə meylli baş nazirin mövqelərini gücləndirmək üçün siyasi jestlər edə bilər. Çünki Nikol Paşinyan region dövlətlərinin hər birinə sərf edən fiqurdur. Bölgəni 30 il geridə saxlayan Qarabağ münaqişəsi artıq bitib, Paşinyan revanşist qüvvələrdən fərqli olaraq keçmişin nostaljisi ilə yaşamağın tərəfdarı deyil. Köçəryan iqtidara gələrsə regionda gərginlik yenidən artacaq"-deyə, o bildirib.
E.Cəfərlinin fikrincə, qonşu dövlətlərin Paşinyanın əlini gücləndirəcək jestləri olmasa belə, erməni cəmiyyətinin keçmişi qaranlıq, korruspioner revanşistlərə səs verəcəyi real görünmür: "Köçəryan və Sarkisyan kimiləri erməni cəmiyyətinə xoşbəxtlik gətirə bilməz. Onların separatçı, terrorçu fəaliyyəti Cənubi Qafqazı 30 il inkişafdan saxladı. Qarabağ münaqişəsi olmasaydı, Cənubi Qafqaz ölkələrində Şərqi Avropa standartlarına yaxın sosial rifah yaratma olardı. Ona görə də erməni cəmiyyətinin bu gerilikçi qüvvələrə səs verəcəyi ağlataban deyil. Bəli, ola bilsin ki, Paşinyan səs itirəcək, amma islahatçı kurs davam edəcək".