Cənubi Qafqaz sülh, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir - ÖZƏL

"Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm önəm kəsb edir. Azərbaycan-Gürcüstan münasibətləri tarixən dostluq və qardaşlıq münasibətləri üzərində qurulub, bu ənənələr hazırda davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Gürcüstanda mövcud olan əlverişli sərmayə iqlimi, siyasi sabitlik və güclü idarəetmə modeli həm yerli, həm də xarici investorlar, o cümlədən Azərbaycan investorları üçün cəlbedici şərait yaradır. Ötən il Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 800 milyon dolları ötüb və bu ilin ilk rübündə də əhəmiyyətli artım müşahidə olunub. Hazırkı inkişaf tempinə əsasən, ilin sonuna qədər həmin göstəricinin bir milyard dollara çatacağı gözlənilir. Azərbaycan tərəfi bu dost ölkənin iqtisadiyyatına indiyədək 3,7 milyard dollar sərmayə yatırıb və gələcəkdə yeni birgə layihələr üçün əməkdaşlıq perspektivləri diqqət mərkəzində olacaqdır.

Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Bu amillər regionda beynəlxalq hüququn prinsiplərinin qorunmasına xidmət edir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsiplər hər iki tərəf üçün dəyişməz mövqe olaraq qalır. Bu yanaşma, eyni zamanda regional sabitliyin qorunmasına da töhfə verir.

Səfər çərçivəsində dövlətimizin başçısı Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara da toxunub. Azərbaycan və Gürcüstanın birgə təşəbbüsləri regional inteqrasiyanı təşviq edir və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Bu yanaşma qonşu ölkələr üçün nümunəvi model yaradır. Yeni layihələr və qarşılıqlı əməkdaşlıq təşəbbüsləri tərəflər arasında etimadı gücləndirir və uzunmüddətli inkişaf perspektivləri üçün möhkəm zəmin formalaşdırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir: "Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31