Bu, hələ savaşın bitməsi demək deyil- ÖZƏL
08:19 Siyasət"ABŞ Prezidenti Trampın təyin etdiyi vaxtın bitməsinə saat yarım qalmış Hörmüz boğazının açılmasına və danışıqlara razılıq verilməsi həm İranın özü, həm də region üçün yaxşı haldır. İran irəli sürülən şərtlərlə razılaşmasa, Tramp isə həm də hərbi cinayət xarakterli vədini yerinə yetirmiş olsaydı, bundan Arazın o tayındakı milyonlarla soydaşımız böyük zərər görəcəkdi. Özü də o adamlar ki, oradakı rejimə yanaşmaları, yumşaq desək, heç də birmənalı deyil. Və təbii ki, bunun acısını biz də çəkəcəkdik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Amma məsələ burasındadır ki, bu, hələ savaşın bitməsi demək deyil. Mümkündür ki, bu, növbəti və həlledici mərhələyə daha yaxşı hazırlaşmaq üçün götürülən fasilədir. SEPAH-ın baş verənləri qələbə kimi təqdim etməsi və bu zaman danışıqların məhz onların irəli sürdüyü şərtlər əsasında gedəcəyini özəlliklə qabartması təbiidir. Bəli, ABŞ Prezidenti də təsdiqlədi ki, danışıqlar 10 şərt əsasında aparılacaq. Amma bu o demək deyil ki, Tramp qarşı tərəfin dağıntılara görə kompensasiya, tətbiq edilən sanksiyaların tam aradan qaldırılması, nüvə və ballistik raket proqramlarına, proksilərinə toxunulmaması və sair kimi tələblərini yerinə yetirmək fikrindədir. Ümumiyyətlə, bəri başdan demək olar ki, İranın irəli sürdüyü on tələbdən onu da olmasa, doqquzu rədd ediləcək. Həmin tələblərin yerinə yetiriləcəyinə rejim mollalarından birinin guya hansısa ayının ağır xətər yetirdiyi və belini qırıb yeməyə hazırlaşdığı iranlının "ya Əbəlfəz" sözündən sonra dayanaraq onun yaralarını yalamağa başladığı haqda nağılını eşidib hönkürənlər inana bilərlər.
Qələbəyə gəldikdə, xatırladım ki, ötən il iyunun 12-dəki 12 günlük döyüşlərdən sonra da İrandakı rejim ondan danışırdı. Nəinki danışırdı, on minlərlə insanı küçələrə tökərək bu "qələbə"ni bayram etdirirdi. Həmən "qələbə"dən heç bir il keçməmiş nə baş verdiyini gördük. Kimsə deyə bilməz ki, indiki "qələbə"sindən sonra İran ondan betəri ilə üzləşməyəcək. Ancaq Allah etsin, üzləşməsin, çünki qonşuluğumuzda yerləşən və milyonlarla soydaşımızın vətəni olan bir ölkənin xarabazarlığa çevrilməsini biz heç cür istəmirik".