ABŞ-ın böyük planı İrana görə gerçəkləşməyə bilər – Müəmmalı vəziyyət

İranın öz prinsiplərinə uyğun şəkildə ABŞ-la razılaşma əldə etməsi ehtimalı, Böyük Yaxın Şərq layihəsi ilə bağlı iddiaları yenidən gündəmə gətirib. Belə bir razılaşmanın sözügedən layihənin icrasını mümkünsüz edə biləcəyi deyilir.

Mütəxəssislər bildirirlər ki, bu müharibə yalnız regional deyil, həm də qlobal enerji bazarları, beynəlxalq təhlükəsizlik və dünya siyasətində yeni güc dinamikaları yaratmaq potensialına malikdir.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, "Ərəb baharı"ndan sonra Böyük Yaxın Şərq layihəsinin icrasının asan olmayacağı ortaya çıxdı:

"Planda "mülayim İslam"ın önə çıxarılması, İsrailə qarşı qüvvələrin neytrallaşdırılmasında müəyyən nəticələr əldə olunsa belə, bölgənin xəritəsinin yenidən çəkilməsi hədəfi çətin görünür. İran bu prosesdə əsas həlledici amildir, çünki məsələ təkcə bu ölkədəki teokratik rejim yox, onun istinad etdiyi ideologiyanın Yaxın Şərq coğrafiyasında yayılmasıdır. Bölgənin bu ideoloji dayaqlardan təmizlənməsi istiqamətində addımlar atılıb, 12 günlük müharibə hədəflərə doğru praktiki nəticələr əldə edilməsinin başlanğıcı idi, son müharibə isə həlledici nöqtədir. İranın qarşıdurmada üstünlük əldə etməsi, ümumiyyətlə mövcud rejimin "sağ qalması" planın nəticələnməsinin önündə böyük maneə olacaq.

Bu müharibə həm də yeni dünya nizamının formalaşması prosesində mühüm rol oynayır. ABŞ İran problemini həll etməklə Yaxın Şərqdə güc balansını təkcə İsrailin xeyrinə dəyişmir, həm də Çin faktorunun önünə keçmək istəyir, xüsusilə "İbrahim anlaşmaları" planı Vaşinqtonun Avrasiyadakı nüfuz mübarizəsində əsas layihələrindən biridir və İrandakı rejim dəyişmədiyi, bu ölkədə daha loyal sistemin qurulmadığı təqdirdə, maneələr davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31