Paşinyan, seçkilər və dezinformasiya: regionda etimad sınağı- ÖZƏL

Erməni mənbələri sərhəd bölgələrində məktəblərin bağlanması, kəndlərin boşaldılması və Azərbaycanın nəzarəti artırması ilə bağlı iddialar yayır. Hətta bəzi məlumatlarda 7 iyunda "vətəndaşların Ermənistan və "Qərbi Azərbaycan" arasında seçim edəcəyi" kimi tezislər irəli sürülür. Bu xəbərlərin məqsədi həm Ermənistan daxilində narahatlıq yaratmaq, həm də beynəlxalq aləmdə "təhlükə altında olan Ermənistan" obrazını gücləndirmək kimi qiymətləndirilir. Bu fonunda sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşünün baş tutmaması da diqqət çəkir.
7 iyunla bağlı irəli sürülən bu iddialar regionda ictimai rəyə və siyasi qərarvermə prosesinə necə təsir göstərə bilər? Bu cür informasiya axını Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivinə və tərəflər arasında etimadın formalaşmasına hansı şəkildə təsir edir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Ermənistanda iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində ictimai sabitliyinin pozulması, sosial və siyasi gərginliyin güclənməsi məqsədilə dezinformasiya xarakterlı məlumatları yayan mətbu və dövri nəşrlər erməni muxalifətinə yaxın təbliğat vasitələridirlər, onun nəzarəti altında fəaliyyət göstərir və təbii ki, siyasi sifarişi yerinə yetirirlər. Paşinyanın "Real Ermənistan" konsepsiyası özlüyündə Ermənistanda vətəndaş həmrəyliyinə, Azərbaycanla münasibətlərin nizamına, regionda dayanıqlı sülhün təmin edilməsinə töhfə verəcək sülh müqaviləsinin imzalanmasına hədəflənib. Lakin bu perspektiv ölkə daxilində bəlli siyasi qüvvələri və onların havadarlarını qane etmir. Paşinyanın Qərblə münasibətlərin genişlənməsinə hesablanmış siyasəti daha çox onu iqtidara gətirmiş qlobal güclərin maraqlarına cavab verir. Əlbəttə belə bir perspektiv  regionda geosiyasi durumun Qərbin xeyrinə olaraq dəyişməsindən ehtiyat edən Rusiya və İranı qane etmir. Regionda hadisələrin Qərbdəki bəlli dairələrin xeyrinə cərəyan etməsinə yol verməmək üçün məlum tərəflər adekvat addımlar atmaq zərurəti qarşısında qalıblar.
Region ətrafında geosiyasi güc mərkəzləri arasında mübarizənin kəskin bir mərhələyə keçdiyi şəraitdə Ermənistanın bu ilin iyununda edə biləcəyi seçim regional təhlükəsizlik və nüfuz dairəsi uğrunda mübarizənin reallıqları konteksində xüsusi aktuallıq kəsb edir.
Paşinyanın Avropa Birliyinə inteqrasiyanın sürətləndirilməsi ilə bağlı addımları onun daxildə erməni kilsəsi və muxalifətə qarşı apardığı mübarizənin konteksində Ermənistanın ifrat millətçi dairələrinin geosiyasi və regional güclərlə əməkdaşlığı fonunda ona qarşı çıxış edən qüvvələrin mübarizəsinin kəsərini artırır. Bu qüvvələr Paşinyanı rəsmi Bakı ilə iş birliyində suçlamağa çalışaraq onu həlledici məqamda, Azərbaycanın xeyrinə ərazi güzəştlərinə gedəcəyi və Qərbi Zəngəzuru təslim edəcəyi ilə baglı dezinformasiya xarakterli məlumatları tirajlayır, onu ölkənin dövlətin milli maraqlarına xəyanət edəcək siyasətçi kimi cəmiyyətə təqdim etməyə çalışırlar.
Ölkənin sosial iqtisadi durumuna regional və beynəlxalq güclərin ciddi təsir imkanlarının olduğu şəraitdə parlament seçkilərinin kəskin siyasi qarşıdurma şəraitində keçəcəyi şübhə doğurmur. Paşinyanın komandası daxilində yaşananlar, yüksək çinli məmurların Azərbaycanla münasibətlərin perspektivinə, Ermənistanda keçiriləcək referendumun doğura biləcək hüquqi , siyasi nəticələrinə dair ziddiyətli bəyanatları göstərir ki, Ermənistanda hakimiyyətin dəyişməsində maraqlı olan tərəflərin seçkilərə təsir etmək üçün resursları güclənməkdədir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31