Paşinyana qarşı "Azərbaycan kartı" – Ermənistanda daxili vəziyyət gərginləşir – ÖZƏL
15:22 SiyasətErmənistan media resursları sərhədyanı bölgələrdə məktəblərin bağlanması, kəndlərin boşaldılması və Azərbaycanın nəzarəti artırması ilə bağlı əsassız iddialar yaymağa başlayıb. Manipulyativ məlumatlarda hətta 7 iyun tarixinə qədər əhalinin seçim qarşısında qalacağı kimi saxta tezislər irəli sürülür.
"Hazırda Ermənistanda yalnız Ermənistan-Azərbaycan münasibətləri ətrafında informasiya dedi-qoduları yayılmır, eyni zamanda baş verənlər ölkənin daxili siyasi prosesləri ilə də ciddi şəkildə bağlıdır. Bu vəziyyət xüsusilə seçkilərlə əlaqəlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, hazırda Ermənistanda siyasi qarşıdurma mövcuddur. Qərbyönümlü hakimiyyətlə Rusiyayönümlü müxalifət arasında mübarizə gedir. Bu, bir növ Ermənistan uğrunda siyasi savaşdır. Rusiya Ermənistanı yenidən öz nəzarəti altına qaytarmaq istəyir, Qərbyönümlü hakimiyyət isə Rusiyadan uzaqlaşmağa çalışır. Bu səbəbdən bəzən Azərbaycan mövzusu da müxtəlif siyasi PR vasitəsi kimi istifadə olunur. Çünki bu məsələ Paşinyanın zəif tərəfi kimi təqdim edilir. Ermənistan cəmiyyətinə belə bir fikir aşılanır ki, guya Azərbaycan məsələsində problemlər var. Halbuki bu məsələ bizim tarixi torpaqlarımızla bağlı haqlı mövqeyimizdir. Amma bu gün Ermənistandakı daxili siyasi proseslərə bu məsələ birbaşa təsir etmir. Sadəcə olaraq, Paşinyanın nüfuzdan salınması və seçkilərdə zəiflədilməsi üçün bu mövzudan istifadə olunur. Eyni zamanda Azərbaycanın mövqelərinin güclənməsi, sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlər də Paşinyanın nüfuzuna zərbə vurmaq məqsədilə təqdim edilir. Halbuki normal şəraitdə Azərbaycan və Ermənistan arasında münasibətlər müəyyən səviyyədə sabitdir, iqtisadi və ticari əlaqələr mövcuddur və bəzi istiqamətlər üzrə tədricən inkişaf müşahidə olunur. Hazırkı vəziyyətdə nə Ermənistan Azərbaycana, nə də Azərbaycan Ermənistana real təhlükə və təhdid yaratmır. Lakin belə bir təhlükə görüntüsü yaratmaq daha çox müxalifətin maraqlarına xidmət edir. Onlar Paşinyanın siyasətini uğursuz kimi göstərməyə, guya Azərbaycanın mövqelərinin gücləndiyini ön plana çıxarmağa çalışırlar və bu tezisləri ictimaiyyətə təqdim edirlər. Əslində isə bu yanaşmalar Paşinyana qarşı münasibəti süni şəkildə kəskinləşdirmək, onun nüfuzunu zəiflətmək məqsədi daşıyır. Bu iddialar ciddi deyil və onların möhkəm əsasları yoxdur. Ermənistan hazırda hər hansı real təhlükə altında deyil.
Ekspert qeyd edib ki, sərhədlərin müəyyənləşdirilməsi və delimitasiya prosesi ilə bağlı müəyyən məsələlərin hələ tam həll olunmaması normaldır və zaman tələb edir. Bu, beynəlxalq praktikada da rast gəlinən haldır. Dünya təcrübəsində elə dövlətlər var ki, 50, 60, hətta 100 il ərzində sərhədlərini tam müəyyənləşdirməyiblər. Amma bu, onların yanaşı və dinc yaşamasına mane olmur. Hazırda da Azərbaycan və Ermənistan arasında sərhədlərin bir hissəsi müəyyənləşdirilib, digər hissələrin də mərhələli şəkildə razılaşdırılması mümkündür. Bu prosesdə müxtəlif prinsiplər, xəritələr və digər texniki məsələlər rol oynayır. Bütün bunlar ümumilikdə dinc yanaşı yaşamağa mane olmur. Bu səbəbdən iyunun 7-də keçiriləcək seçkilərlə bağlı yayılan məlumatlar daha çox təbliğat xarakteri daşıyır. Bu məlumatlar seçkilərə təsir göstərmək məqsədilə yayılır və ciddi əsaslara söykənmir. Yəni bu, əsasən qara PR kampaniyasının bir hissəsidir və belə məlumatlara həddindən artıq ciddi yanaşmağa ehtiyac yoxdur.
Səidə Ramazanova