İranın “qələbə” bəyanatı: regionda gərginlik artacaq?- ÖZƏL
15:20 SiyasətMehr agentliyi yayılan görüntüləri İranın ABŞ üzərində "qətiyyətli qələbə"ni qeyd etməsi kimi təqdim edib. Tehranın Vəli Əsr küçəsində insanların bayraqlarla toplaşdığı və yüksək musiqi səsləndirildiyi görünür. İranın Ali Milli Təhlükəsizlik Şurası isə bu vəziyyəti İran üçün qələbə, ABŞ və İsrail üçün "sarsıdıcı məğlubiyyət" kimi qiymətləndirib. Rəsmi açıqlamalarda regionda ABŞ-ın hərbi potensialına ciddi zərbələr endirildiyi vurğulanır.
İranın "qələbə" narrativi regionda geosiyasi balansı necə təsirləndirə bilər?
İranın bu cür sərt və qələbə yönümlü ritorikası gələcəkdə ABŞ və İsrail ilə münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Xasay Gəraylı Olaylar.az-a açıqlama verib:
" Mövcud vəziyyəti obyektiv qiymətləndirdikdə, İranın "qələbə" narrativi daha çox informasiya və psixoloji təsir aləti kimi çıxış edir, nəinki real hərbi üstünlüyün göstəricisi. ABŞ və İran arasında əldə olunan atəşkəsin özü də göstərir ki, tərəflərdən heç biri münaqişəni tam şəkildə öz xeyrinə yekunlaşdıra bilməyib. Əksinə, bu razılaşma daha çox qarşılıqlı itkilər və risklərin artması fonunda əldə olunmuş məcburi fasilə kimi dəyərləndirilir.
İranın bu prosesi "qələbə" kimi təqdim etməsi əsasən daxili auditoriyaya yönəlib və siyasi legitimliyin qorunması məqsədi daşıyır. Lakin geosiyasi reallıqda bu cür bəyanatların regiondakı güc balansını köklü şəkildə dəyişdirdiyini demək çətindir. ABŞ hələ də bölgədə hərbi və strateji baxımdan dominant aktor olaraq qalır və mövcud atəşkəs onun regiondan geri çəkilməsi anlamına gəlmir. Bununla yanaşı, İranın sərt və qələbə yönümlü ritorikası müəyyən risklər yaradır. Bu tip bəyanatlar ABŞ və xüsusilə İsrail tərəfindən potensial təhlükə kimi qəbul edilir və qarşı tərəfin daha sərt hərbi və ya siyasi addımlar atmasına zəmin yarada bilər. Nəticədə, hazırkı atəşkəs münaqişənin bitməsi deyil, sadəcə müvəqqəti dondurulması kimi qiymətləndirilir.
Ümumilikdə, İranın "qələbə" narrativi qısa müddətli siyasi və psixoloji effekt yaratsa da, uzunmüddətli perspektivdə regionda gərginliyi azaltmaq əvəzinə, əksinə, qarşılıqlı inamsızlığı və yeni qarşıdurma ehtimallarını artıran faktor kimi çıxış edir".
Zeynəb Mustafazadə