İranı sevindirən, İsrail və ABŞ-ı qarışdıran detal: 51 il sonra ilk yaşandı

ABŞ ilə İran arasında gərginliyin pik həddə çatdığı bir mərhələdə gözlənilmədən əldə olunan atəşkəs razılaşması regionda yeni siyasi reallıq formalaşdırır.

Vaşinqtonun hərbi əməliyyatları dayandırması, İsrailin qısa müddətdə qələbə gözləntilərinin doğrulmaması və Tehranın bu prosesi daxildə "qələbə" kimi təqdim etməsi diqqətləri aprelin 10-da İslamabadda keçiriləcək kritik danışıqlara yönəldib.

ABŞ geri addım atdı, yoxsa bu, sadəcə ilk təəssüratdı? ABŞ Prezidenti Donad Tramp Pakistanın baş nazirinin atəşkəs təklifinə hansı səbəbdən razılaşdı? Yaxında İslamabadda necə bir razılaşma əldə edilə bilər?

Globalinfo.az-a danışan politoloq Amid Əliyev deyib ki, fevralın 28-də ABŞ-İsrail cütlüyünün İrana qarşı başlatmış olduğu və dünənə qədər davam edən hərbi kampaniyada ilk dəfə silahlar susdu, sülhün işartıları göründü:

"ABŞ və İsrail qarşıya qoyduqları məqsədlərə tam şəkildə çatmadılar. Bu vəziyyətdə İran həm hücuma məruz qalan, həm də müdafiə olunan tərəf idi. Lakin, açıq və aydın bir fakt var ki, İran dişinə qədər silahlanmış militar tandemin hərbi təzyiqlərinə tab gətirə bildi. Əvvəldən də deyildiyi kimi, Tehran bu prosesdən qalib ayrılarsa, "məğlubedilməz dövlət" imicini daha da gücləndirəcək. Artıq İran hakimiyyəti xalqı qələbə münasibətilə də təbrik edib.

Bundan sonra çətin ki, hansısa qlobal güc İsrailin qırmızı xəttini qəbul edib, İrana qarşı hərbi əməliyyata başlasın. Verilən iki şansda buna nail ola bilməyən İsrailin özündə və müttəfiqlərində belə artıq ciddi tərəddüdlər yaranıb. İsrail kəşfiyyatı vasitəsilə mütəmadi olaraq hansısa siyasi fiqurların faktiki məhv edilməsi prosesinin davam etməsi ehtimalı var və olacaq. ABŞ isə bəlkə tarixində Vyetnam müharibəsindən (1955-1975)  sonra ən uğursuz hərbi kompaniyasını İranda apardığını sonralar etiraf edəcək".

Politoloq bildirib ki, artıq İranın Xarici İşlər Nazirliyi rəsmi olaraq 10 maddəlik şərtlər toplusunun ABŞ tərəfindən qəbul edildiyini açıqlayıb:

"Bu da İranın siyasi qələbəsi kimi dəyərləndirilə bilər. Vacib məsələlərdən biri isə proseslərdə tərəfsiz, sülhə köklənən və ən əsası şəxsi ambisiyaları deyil, bölgənin xilasını qarşıya qoyan vasitəçinin bu prosesdə iştirakı idi. Bunu da Pakistan uğurla icra etdi. Sözügedən detal Pakistanın beynəlxalq imic portfelinə yeni bir çalar qatdı.

Beləliklə, İranda planlaşdırılan İraq, Əfqanıstan və Liviyasayağı hərbi əməliyyatlar tam şəkildə icra oluna bilmədi.

İranı xaricdən məhv etmək demək olar ki, mümkünsüzdür. Ölkənin dini buxovlara bürünmüş dövlət sütunları, hərbi qurumları və cəmiyyəti azad olmayana qədər başladılan bu qisim kampaniyaların hər biri yarımçıq qalcaq.

Sonda yenə də əsas zərər neftə və neftdən asılı olan ölkələrə dəydi. Xəbər yayılan kimi dünya bazarında neftin qiyməti sürətlə düşməyə başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31