Strateji tərəfdaşlığın yeni mərhələsi- ÖZƏL
10:37 Siyasət"Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri regionun geosiyasi reallıqları fonunda mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində dövlət başçımızın Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirdiyi görüşlər və prezidentlərin mətbuata verdikləri bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini və yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Prezidentlərin bəyanatlarında xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycan-Gürcüstan münasibətlərinin sarsılmaz strateji tərəfdaşlıq xarakteri daşımasıdır. İlham Əliyev çıxışında qeyd etdi ki, iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanır. Bu isə regionda sabitliyin təmin olunmasında mühüm amil kimi çıxış edir.
Öz növbəsində Mixeil Kavelaşvili Azərbaycanla əməkdaşlığı Gürcüstanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirərək, Bakı ilə Tbilisi arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə etdi.
Səfərin əsas istiqamətlərindən biri enerji və nəqliyyat sahəsində əməkdaşlıqdır. Prezidentlərin bəyanatlarında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələrinin əhəmiyyəti xüsusi qeyd edildi. Xüsusilə, Cənub Qaz Dəhlizi kimi layihələrin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulandı.
Bununla yanaşı, Orta Dəhliz çərçivəsində Azərbaycan və Gürcüstanın tranzit imkanlarının artırılması, yükdaşımaların həcminin genişləndirilməsi və regionun logistika mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdən biri kimi önə çəkildi.
Prezidentlərin çıxışlarında regional təhlükəsizlik məsələləri də geniş yer aldı. İlham Əliyev Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasının vacibliyini qeyd edərək, Azərbaycan tərəfindən irəli sürülən sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Gürcüstan tərəfi isə regionda əməkdaşlıq və dialoqun gücləndirilməsinin tərəfdarı olduğunu ifadə etdi".