Qarşılıqlı etimadın uğurlu modeli- ÖZƏL

"Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində mətbuata verilən bəyanat iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. Bu səfər həm də regionda formalaşan yeni geosiyasi reallıqlar kontekstində xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə əsaslanır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər hazırda regionun ən sabit və etibarlı tərəfdaşlıq modellərindən biri kimi çıxış edir. Həmin münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar prinsipinə əsaslanır. İkitərəfli əlaqələrin yüksək səviyyəyə çatması həm siyasi iradənin gücünü, həm də xalqlar arasında mövcud olan səmimi münasibətləri əks etdirir.

Azərbaycan investorlarının Gürcüstan iqtisadiyyatına böyük maraq göstərməsi təsadüfi deyil. Bu günədək qoyulan 3,7 milyard dollarlıq sərmayə iki ölkə arasında iqtisadi əməkdaşlığın real göstəricisidir. Ticarət dövriyyəsinin artması və yaxın perspektivdə 1 milyard dollar həddinə çatma ehtimalı isə bu əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.

İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinə dəstək verir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər hər iki tərəf üçün dəyişməz mövqe olaraq qalır. Bu amillər həm regional sabitliyin qorunmasına, həm də beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə mühüm töhfə verir. Qarşılıqlı dəstək çoxtərəfli platformalarda ortaq təşəbbüslərin irəli sürülməsinə və mövqelərin uzlaşdırılmasına geniş imkan yaradır. Eyni zamanda, bu həmrəylik regionda etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına və uzunmüddətli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31