45 günlük atəşkəs: Tehran və Vaşinqton razılığa gəlir? – ÖZƏL

Axios-un yaydığı məlumata görə, ABŞ, İran və regional vasitəçilər (Türkiyə, Misir, Pakistan) eskalasiyanı dayandırmaq üçün 45 günlük müvəqqəti atəşkəs şərtlərini müzakirə edirlər. Razılaşmaya əsasən, İran Hörmüz boğazını açmalı və nüvə proqramı ilə bağlı geri addım atmalıdır; bunun qarşılığında isə Tramp administrasiyasından təhlükəsizlik zəmanəti tələb olunur. 

"Burada Türkiyə, Misir və Pakistanın səyləri xüsusilə yüksək qiymətləndirilməlidir. Pakistan prosesdə əsas aparıcı ölkədir və faktiki olaraq regionun böyük oyunçuları olan Türkiyə və Misirlə, eyni zamanda Çinlə razılaşaraq belə bir təklif irəli sürüb ki, 45 gün müddətində müvəqqəti atəşkəs əldə olunsun və bundan sonra müəyyən etimad mühiti formalaşsın. Əlbəttə ki, bununla bağlı şübhələr ola bilər və tərəflər arasında tərəddüdlər qalmaqdadır".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, hazırda İran tərəfindən verilən açıqlamalar da müsbət xarakter daşıyır. İran Pakistandan rəsmi təklif aldığını və bunu rədd etmədiyini bildirib. Yəni, İran tərəfi hələlik "yox" demir və məsələni müzakirə etdikdən sonra cavab verəcəyini açıqlayıb. Əgər müsbət cavab verilərsə və ABŞ də bu məsələdə öz mövqeyini müsbət şəkildə ifadə edərsə, düşünürəm ki, 45 günlük atəşkəs ümumi sülhə gətirib çıxara bilər. Bu müddətdə proseslər davam etməli və İslamabad formatında Pakistanın vasitəçiliyi, həmçinin digər dövlətlərin də qoşulması ilə ümumi razılaşma proseduru həyata keçirilə bilər. Nəticədə Pakistanın vasitəçiliyi ilə ümumi bir sülh əldə olunması mümkündür.

Ekspert qeyd edib ki, əslində, sülhün əldə edilməsi üçün elə də ciddi problem yoxdur. Sadəcə olaraq, uranın zənginləşdirilməsi məsələsindən İran tərəfi imtina edərsə və paradoksal şəkildə ABŞ bu hücumları, yəni İrana qarşı hərbi əməliyyatları dayandırarsa, eyni zamanda İran və İsrail bir-birinə qarşı aqressiv siyasətdən geri çəkilərsə, burada ciddi problem qalmaz və münaqişə sonlandırıla bilər. Təbii ki, bu məsələnin dərin kökləri var. Gələcəkdə hər hansı bir hadisənin baş verməyəcəyinə heç kim zəmanət verə bilməz. Xüsusilə İsrail və İran arasında mövcud olan ideoloji qarşıdurmanı nəzərə alsaq, bu münaqişənin çox dərin əsasları olduğu aydın görünür. Buna baxmayaraq, bütün ehtimallar daxilində münaqişənin yekunlaşdırılması ehtimalı daha yüksək görünür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31