Paşinyanın siyasəti diasporu narahat edir-hakimiyyət uğrunda yeni mərhələ- ÖZƏL
16:37 SiyasətLos Angeles şəhərində 250-dən çox erməni diaspor nümayəndəsi Ermənistandakı seçkiqabağı vəziyyəti müzakirə edib və Nikol Paşinyan hakimiyyətinin ölkə və milli kimlik üçün təhlükə yarada biləcəyini bildiriblər. Onlar hesab edirlər ki, Paşinyan seçkilərdən sonra da hakimiyyətdə qalarsa, Ermənistanın gələcəyi daha da risk altına düşə bilər.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Seçki qabağı bu tip fəaliyyətlərin olacağı gözlənilirdi. Məsələ ondan ibarətdir ki, Nikol Paşinyanın sərgilədiyi mövqe və apardığı xarici siyasət bu günə qədərki erməni liderlərindən fərqlidir. Məsələn, ən sadə formada o, "Böyük Ermənistan" ideologiyasını imtina edərək "real Ermənistan" ideologiyasını elan edib. Bundan başqa, Ermənistan tarixən düşmən gördüyü Azərbaycan və Türkiyə ilə, yəni bir sözlə, türklərlə münasibətləri normallaşdırır, sülhə gedir. Rusiya ilə tarixi əlaqələri zəiflədir, Qərbə meyil edir. Ermənistanda dövlətdən belə üstün olan kilsənin mövqeyini aşağı salaraq, kilsəni dövlətə tabe etdirməyə çalışır. Bütün bunlar əslində Ermənistan cəmiyyəti üçün olduqca köklü dəyişikliklərdir və Paşinyan bunu etməklə ölkənin daxili dinamikasını dəyişir. Əlbəttə ki, buna səssiz qalmayacaq qüvvələr var. Bunlardan ən önəmlisi diasporadır. Ermənistanda erməni dövlətindən də qədim iki xüsusi struktur var: biri erməni kilsəsi, digəri isə erməni diasporudur. Diaspor və kilsə bir-birinə çox bağlıdır. Erməni xalqının illərlə assimilyasiyaya məruz qalmamasının əsas səbəblərindən biri də məhz bu iki sütundur.
Bu gün hər iki sütun Paşinyana qarşı çıxır. Çünki onun sərgilədiyi mövqe onların uzun illər - hətta 200 ilə yaxın müddətdə formalaşdırdıqları sistemə ziddir.
Seçki prosesinə təsir məsələsinə gəldikdə isə, seçkilərdə Ermənistan xaricində yaşayanların da iştirakı olacaq və bu səslər prosesə təsir göstərə bilər. Amma ümumilikdə hesab etmirəm ki, bu, Paşinyanın hakimiyyətdən getməsi üçün kifayət edəcək. Bu gün onu dəstəkləyən və ona inanan kifayət qədər böyük bir qrup mövcuddur. Bundan başqa, nə qədər qəribə səslənsə də, Paşinyanı region ölkələri də dəstəkləyir. Yəni bu gün Paşinyanın hakimiyyətdə qalması Türkiyə, Azərbaycan və Gürcüstan üçün də önəmlidir. Hətta ABŞ üçün də bu, əhəmiyyətlidir. Çünki sülh prosesi dayanarsa və revanşist qüvvələr hakimiyyətə gələrsə, bu, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin güclənməsinə və təsir imkanlarının artmasına səbəb ola bilər. Bunu isə nə ABŞ, nə Türkiyə, nə də Azərbaycan istəmir. Ona görə də Paşinyanın hakimiyyətdə qalması üçün həm daxildə, həm də xaricdə müəyyən dəstəyin olacağı gözlənilir. Amma diasporaya gəldikdə, Paşinyan onların dəstəyini tam qazana bilməyəcək. Artıq diaspor daxilində də fikir birmənalı deyil. Onu dəstəkləyənlər olduğu kimi, dəstəkləməyən qüvvələr də var. Avropadakı diaspor daha çox dəstəkləyir, amma Rusiya və Amerikadakı diaspor arasında bu dəstək zəifdir. Bu da bir qədər fərqli situasiya yaradır. Ona görə də prosesin taleyini zaman göstərəcək. Amma ümumi olaraq hesab edirəm ki, Paşinyan seçkilərdə qələbə qazanacaq".
Zeynəb Mustafazadə