Bakı və Tbilisi arasında əməkdaşlıq dərinləşir: Səfərin əsas mesajları ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib. Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

İlham Əliyevin Gürcüstana səfərinin əsas siyasi mesajı nədir? Bu səfər Azərbaycan-Gürcüstan münasibətlərində hansı yeni mərhələnin başlanğıcı hesab oluna bilər? Regionda geosiyasi vəziyyət fonunda bu görüşün əhəmiyyəti nə dərəcədədir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
" Azərbaycanla Gürcüstan nəinki Cənubi Qafqazda qonşudur, həm də mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri yürüdən ölkələrdir. Daim Azərbaycan Gürcüstanın çətin vaxtlarında ona dəstək olub. İstər Heydər Əliyevin dövründə, istərsə də İlham Əliyevin hakimiyyəti illərində. Gürcüstan təcavüzə məruz qalanda, digər problemlərlə üzləşəndə Azərbaycan hər zaman qonşuluq və dostluq münasibətlərini nümayiş etdirib. Bu gün də bu siyasət davam edir.
Azərbaycanla Gürcüstan arasında region və dünya üçün çox önəmli layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr buna misaldır. Bu gün artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin sülh sazişinin imzalanması mərhələsində olduğunu görürük və Cənubi Qafqaz yeni bir dövrə qədəm qoyur. Münaqişələrin başa çatmasını müşahidə edirik. Qarabağ problemi ən ağır problemlərdən biri idi. Hazırda isə Gürcüstan torpaqları Rusiya tərəfindən işğal olunmuş vəziyyətdədir. Mən inanıram və güman edirəm ki, biz tezliklə bu problemin həllinin də şahidi olacağıq və Gürcüstan torpaqları işğaldan azad olunacaq. 
Azərbaycanla Gürcüstan arasında münasibətlər bu səfərdən sonra daha yeni bir mərhələyə keçəcək. Hesab edirəm ki, bu səfər və burada keçirilən görüşlər, əldə olunan razılaşmalar iki ölkə arasında siyasi, iqtisadi, gömrük, mədəni və digər sahələrdə əməkdaşlığın daha da inkişafına səbəb olacaq. Təbii ki, bu da regionda- Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi baxımından çox önəmlidir. Bu səfər Cənubi Qafqazda sabitliyə töhfə verən mühüm addımdır.
Cənubi Qafqazdakı sabitlik isə dünyadakı sabitlik və sülh üçün də mühüm əhəmiyyət daşıyır. Yəni regionda sabitliyin təmin olunması qlobal sabitliyə də ciddi təsir göstərir. Bu baxımdan bu proses olduqca önəmlidir və biz bunun daha faydalı nəticələrini qarşıdakı həftələrdə və aylarda görə biləcəyik". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31