Taleh Əliyev: "Diaspor Paşinyanı öz maddi və siyasi maraqlarına təhdid hesab edir" ÖZƏL

Los-Ancelesdə 250-dən çox erməni diaspor nümayəndəsi Ermənistandakı seçkiqabağı vəziyyəti müzakirə edib. Onlar hesab edirlər ki, Paşinyan hakimiyyəti yalnız Ermənistanın mövcudluğunu deyil, bütün milləti və milli kimliyi də təhlükə altına alır. Xüsusilə vurğulanıb ki, 7 iyun seçkilərindən sonra Paşinyan qalarsa, Ermənistanın bütün ərazisi "Qərbi Azərbaycan"a çevrilə bilər. ABŞ-dəki erməni icması rəsmi olaraq 500 mindən çox olsa da, qeyri-rəsmi məlumatlar bu rəqəmin ən azı iki dəfə çox olduğunu göstərir.

Maraqlıdır, ABŞ-dəki böyük erməni diasporu 7 iyun seçkilərinə nə qədər təsir göstərə bilər? Paşinyan seçkilərdə qalib gələrsə, bu, regional və diaspor siyasətinə necə təsir edəcək? 

"Təəssüf ki, Ermənistan uzun müddət yalnız Rusiyadan asılı vəziyyətdə olmayıb, eyni zamanda, Ermənistanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatları qondarma "erməni soyqırımı", guya ermənilərin türk təzyiqi və təqibi altında olması kimi iddialardan istifadə edərək müxtəlif ölkələrdə öz mövqelərini və maddi imkanlarını genişləndiriblər. Bu miflər üzərindən formalaşan fəaliyyət sahəsində bəzi qruplar yerləşdikləri ölkələrdən "Ermənistana və vaxtilə mövcud olmuş qondarma Qarabağa yardım" adı altında milyonlarla vəsaiti mənimsəyib, yalnız cüzi hissəsini regiona yönəltməklə əslində görüntü yaratmağa çalışıblar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün Nikol Paşinyanın apardığı siyasət isə Ermənistandakı Rusiyaya bağlı qüvvələri - istər siyasi müxalifəti, istərsə də kilsəni - tam neytrallaşdıra bilmir. Bununla yanaşı, erməni faciələrindən siyasi və maddi alət kimi istifadə edən Qərbdəki diaspor üçün də yeni vəziyyət yaradır və onları çətin seçim qarşısında qoyur. Bu baxımdan, xüsusilə ABŞ, Fransa və digər ölkələrdə fəaliyyət göstərən erməni diasporu Paşinyanı öz maraqlarına toxunan fiqur kimi qiymətləndirir və onun hakimiyyətdən uzaqlaşdırılması istiqamətində fəaliyyət göstərir. Əslində isə bu ölkələrdə yaşayan ermənilər üçün Ermənistan çox zaman real vətəndən daha çox, birləşdirici ideoloji platforma rolunu oynayır və yaşadıqları ölkələrin siyasi imkanlarından yararlanmaq üçün vasitəyə çevrilir.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın yenidən Rusiyanın forpostuna çevrilməsi və ya tam müstəqil dövlət kimi inkişafı məsələsi də diaspor maraqları ilə ziddiyyət təşkil edir. Mövcud hakimiyyətin Azərbaycan və Türkiyə ilə normallaşma siyasəti, eləcə də tarixi narrativlərə yenidən baxış cəhdləri xaricdəki radikal ideoloji dairələr üçün ciddi narahatlıq doğurur və bu, diaspor daxilində dəyişiklik proseslərini sürətləndirə bilər. Paşinyanın başladığı yeniləşmə kursunun Ermənistan daxilində həm siyasi, həm də dini elitaya təsir göstərəcəyi gözlənilir. Parlament seçkilərindən sonra onun qəti qələbə qazanacağı təqdirdə, bu prosesin daha da dərinləşəcəyi və eyni zamanda xaricdəki erməni diasporunda da müəyyən transformasiyalara səbəb olacağı ehtimal olunur. Bu gün ABŞ və Avropanın aparıcı dövlətləri Ermənistanın hazırkı hakimiyyətinin siyasətinə ümumilikdə müsbət yanaşır və onu regionda yeni balansın formalaşması baxımından dəstəkləyirlər. Bu dəstək, xüsusilə seçkilər dövründə daha açıq şəkildə özünü göstərə bilər.

"Nikol Paşinyanın mümkün qələbəsi regionda sülh proseslərinin və yeni münasibətlər mərhələsinin inkişafına təkan verə, eyni zamanda həm Ermənistan daxilində, həm də xaricdəki diaspor strukturlarında ciddi dəyişikliklərin başlanğıcına çevrilə bilər", - deyə ekspert əlavə edib. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31