Nüvə riski getdikcə rel görünür- ÖZƏL

"ABŞ Prezidenti Donald Trampın ritorikası kəskin dəyişib. "Daş dövrünə qaytarmaq" hədələrindən sonra indi də İranı "tam dağıtmaq", "qaranlığa qərq etmək" kimi ifadələr ön plana çıxıb. Halbuki müharibədən əvvəl "rejimin dəyişməsi", "nüvə proqramına son qoymaq", "demokratiya" və "daha gözəl həyat" mesajları üstünlük təşkil edirdi". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib: "Milli maraqlarımız baxımından, İranın indiyədək bizə qarşı olan münasibətindən dolayı baş verənlər, cəmiyyətin buna reaksiyası da anlaşılan idi.İndi görünən odur ki, məqsədlər sürətlə dəyişir və qarşıdurma daha təhlükəli mərhələyə keçir. İran rejimi də nüvə imkanlarından geri çəkilmək niyyətində görünmür, daha sərt xətt tərəfdarlarının önə çıxdığı və hətta daha ciddi müqavimət göstərdikləri müşahidə olunur.
Belə bir şəraitdə, ultimatumların sərtləşməsi və qarşılıqlı geri addımın olmaması isə daha böyük və ağlasığmaz hesab olunan təhlükəni, NÜVƏ HÜCUMU  riskini artırır. Vaxtilə səslənən "III dünya müharibəsində hansı silahdan istifadə olunacağını bilmirəm, amma IV-də yay və ox olacaq" fikri bu gün səslənən "daş dövrü" mesajları ilə narahatedici şəkildə həmahəng səsləşir.Bu artıq təkcə İran və ABŞ -İsrail  qarşıdurması deyil. Nüvə ssenarisi region ölkələri üçün real təhlükələr deməkdir: radiasiya yayılması, su və torpaq çirklənməsi, enerji və nəqliyyatın pozulması, qaçqın axını və uzunmüddətli sağlamlıq riskləri və s.
Düşünürəm ki, belə bir  şəraitdə qonşu ölkələr, o cümlədən ölkəmiz, mümkün ssenariyə hazırlaşmalıdır. Hökumətimiz bu istiqamətdə açıqlamalar verməlidir, mümkün riskləri, real təhlükə olduğu anda daha az itkilərlə vəziyyətdən çıxmaq yollarını göstərməlidir.Radiasiya monitorinqi və erkən xəbərdarlıq sistemləri gücləndirilməli, fövqəladə hallar planları yenilənməli, tibbi və mülki müdafiə ehtiyatları artırılmalı, su-ərzaq və enerji təhlükəsizliyi üçün ehtiyat mexanizmlər hazırlanmalıdır. Nüvə riski artıq ehtimal olaraq deyil, getdikcə daha labüd görsənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31