Kremldən “hücum” başladı: Bakı Paşinyanı qorumaq üçün hərəkətə keçir?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə görüşü iki ölkə arasındakı gərginliyi aradan qaldırmadığı kimi, Kreml tərəfindən seçkiöncəsi təzyiqlərin olacağını da rəsmiləşdirdi. Moskva-İrəvan münasibətlərindəki gərginlik fonunda rəsmi Bakının mövqeyi diqqət mərkəzindədir.

Ermənistan daxilində hakimiyyət dəyişikliyi ehtimallarının artması və Paşinyanın Moskvanın təsirindən qorunmaq istiqamətində atacağı addımlar Azərbaycan üçün strateji maraqlar çərçivəsində izlənilir. Analitiklər bildirir ki, Bakı regional sabitliyi qorumaq və qonşu ölkələr arasında qarşılıqlı etimadı gücləndirmək üçün diplomatik vasitələrlə prosesə təsir imkanlarını nəzərdən keçirə bilər.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan Ermənistanla uğurlu sülh danışıqları aparır:

"İki ölkə sülhə yaxındır. Lakin aydın məsələdir ki, Rusiya həm Ermənistanın qərbə yaxınlaşmasından, həm də Azərbaycanla sülh əldə etməsindən narahatdır. Rusiya prezidenti Paşinyanla görüşdə də bildirdi ki, Ermənistanla bağlı proseslərə səssiz qalmayacaq. Bu isə Bakı üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan həm öz təhlükəsizliyini təmin etməli, həm də regional sabitliyi qorumaq üçün diqqətli diplomatik addımlar atmalıdır.

Ermənistanda hakimiyyət dəyişikliyi bizim üçün sərf etmir. Danışıqlar prosesi revanşistlərin hakimiyyətə gəlməsi ilə sıfırlana bilər. Bu riski gözə ala bilmərik. Bakı Ermənistanın siyasi proseslərini yaxından izləyir və hesab edirəm ki, lazımi addımları atacaq.

Sülh prosesinin gələcəyi Ermənistan daxilində keçiriləcək seçkilərdən çox asılıdır. Paşinyan qalib gələrsə, sülh sazişi məntiqi yekuna çatacaq. Söhbət onun sülhü istəməsindən yox, bizim reallığımızı qəbul etməyə məcbur olmasından gedir. Lakin Rusiyanın dəstəyini arxasına alacaq yeni hakimiyyət baş ağrısı yarada bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31