Müharibə tam gücü ilə davam edəcək - Netanyahu
15:04 Siyasətİrana qarşı müharibə tam gücü ilə davam edəcək.Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail baş nazir Benyamin Netanyahu öz "X" sosial şəbəkə səhifəsində yazıb.
Netanyahu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri, ordu generalı Məcid Xademinin Tehrana səhər saatlarında endirilən hava zərbələrindən biri nəticəsində öldürülməsinə görə ordunu təqdir edib.
O eyni zamanda, SEPAH-ın Qüds Qüvvələrinin 840 saylı hissəsinə başçılıq etmiş Yəzdan Mirin zərərsizləşdirilməsinə görə İsrail Müdafiə Qüvvələrini alqışlayıb. Onun sözlərinə görə Sərdar Bağeri təxəllüsü ilə tanınan iranlı komandan dünyanın müxtəlif bölgələrində yaşayan yəhudilərə edilən hücumlara cavabdeh olub.
"Vətəndaşlarımızı öldürməyə cəhd edən, İsrailə qarşı terroru yönləndirən, İranın şər oxunu quran hər kəs - onların axıdılan qanına görə özləri cavabdehdirlər. Biz güc və qətiyyətlə hərəkət edirik, bizə zərər vermək istəyən hər kəsə çatacağıq," - baş nazir xəbərdarlıq edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.