Prezidenti İlham Əliyevin Tbilisiyə səfəri Azərbaycan ilə Gürcüstan arasında qardaşlıq münasibətlərinin ənənəvi xarakter daşıdığını vurğulayır - David Aptsiauri
15:03 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə səfəri Azərbaycan ilə Gürcüstan arasında qardaşlıq münasibətlərinin ənənəvi xarakter daşıdığını vurğulayır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Gürcüstan Beynəlxalq Universitetində (GIU) yarımştat professor və Gürcüstanın Çin Xalq Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri David Aptsiauri Tbilisidə jurnalistlərə bildirib.
"İlk növbədə, biz Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstanda səmimi qəlbdən salamlayırıq. Bu səfər, şübhəsiz ki, mühümdür və qardaşlıq və dostluq münasibətlərimizin ənənəvi xarakterini vurğulayır", - o bildirib.
Aptsiaurinin fikrincə, ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərlə yanaşı, regiondakı vəziyyət, qlobal risklərlə bağlı məsələlərin müzakirəsi, həmçinin Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əsasında bu risklərin minimuma endirilməsinə necə töhfə verə biləcəyinin müəyyənləşdirilməsi çox vacibdir.
"Bu gün Azərbaycan və Gürcüstan sadəcə olaraq bütün istiqamətlər üzrə, ilk növbədə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın müsbət nümunəsi deyil. Hər iki dövlətin geosiyasi çəkisi və onların ikitərəfli qarşılıqlı fəaliyyət formatı tamamilə yeni miqyaslar - geosiyasət və geoiqtisadiyyat səviyyəsi qazanır ki, bu da ilk növbədə qlobal layihələrdə iştirakla bağlıdır", - deyə o qeyd edib.
Aptsiauri vurğulayıb ki, artıq Orta Dəhlizin praktiki reallaşdırılması ilə bağlı konkret məsələlərin müzakirə olunmasının vaxtı çatıb.
O qeyd edib ki, bu səfərin əhəmiyyəti ikitərəfli dialoq çərçivəsindən kənara çıxır.
"Həm Gürcüstan, həm də Azərbaycan regionda həmişə sülh və əməkdaşlıq tərəfdarı olub. Bu gün Cənubi Qafqazın əhəmiyyəti qlobal səciyyə daşıyır. Mövcud yeni gündəlikdə bütün ölkələrin tamhüquqlu iştirakçı olması çox arzuolunan və hətta zəruridir. Azərbaycan ilə Ermənistan arasında sülh prosesi daha sabit vəziyyətin formalaşmasına töhfə verəcək və yeni imkanlardan daha səmərəli istifadə etməyə şərait yaradacaq", - deyə o əlavə edib.