Bakı-Tbilisi tandemi: Regionun gələcəyini müəyyən edən strateji körpü – ÖZƏL
14:27 Siyasət"Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri təkcə protokol xarakterli diplomatik hadisə deyil, həm də regionda formalaşan yeni geosiyasi konfiqurasiyanın mühüm indikatorudur. Tbilisidə baş tutan bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji mahiyyətini bir daha nümayiş etdirməklə yanaşı, tərəflər arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinin anonsu kimi qiymətləndirilməlidir".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, bu səfərin əsas siyasi mesajı çoxşaxəli və aydın məzmun daşıyır. Belə ki, Bakı və Tbilisi regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın əsas təminatçıları olaraq çıxış etdiklərini bir daha təsdiqləyirlər. Həm Cənubi Qafqazda yeni nəqliyyat və enerji xəritəsinin formalaşdığı bir dövrdə Azərbaycan-Gürcüstan tandemi strateji körpü rolunu gücləndirir, həm də bu səfər xarici təsir mərkəzlərinə ünvanlanan mesajdır ki, regionun gələcəyi məhz regional aktorların iradəsi ilə müəyyən olunur.
"Bu kontekstdə Mehriban Əliyevanın səfərdə iştirakı da xüsusi diqqət çəkir. Bu, münasibətlərin yalnız siyasi və iqtisadi deyil, həm də humanitar və mədəni müstəvidə dərinləşdiyini göstərir. Azərbaycan-Gürcüstan əlaqələri artıq klassik qonşuluq münasibətlərindən çıxaraq çoxölçülü strateji tərəfdaşlıq modelinə transformasiya olunmaqdadır. Yeni mərhələnin əsas konturlarını isə belə xarakterizə etmək olar ki, enerji təhlükəsizliyinin genişlənməsi, Orta Dəhliz çərçivəsində tranzit imkanlarının artırılması, həmçinin regional sülh gündəliyinə koordinasiyalı yanaşma. Bu, xüsusilə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra yaranmış yeni reallıqlar fonunda daha da aktuallaşıb. Gürcüstan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edərək regionun logistika və kommunikasiya mərkəzlərindən birinə çevrilməkdədir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin fikrincə, geosiyasi baxımdan səfərin əhəmiyyəti olduqca yüksəkdir. Qlobal güclər arasında rəqabətin artdığı, enerji və nəqliyyat marşrutlarının yenidən dizayn edildiyi bir dövrdə Bakı-Tbilisi xətti sabitlik adası kimi çıxış edir. Bu əməkdaşlıq modeli yalnız iki ölkənin milli maraqlarına deyil, həm də Avrasiya məkanında daha geniş iqtisadi və siyasi balansın qorunmasına xidmət edir.
"Düşünürəm ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri regionda strateji sabitliyin sütunlarından biridir və bu sütun üzərində qurulan yeni mərhələ artıq təkcə ikitərəfli deyil, qlobal əhəmiyyət daşıyan bir əməkdaşlıq platformasına çevrilməkdədir," - deyə baş redaktor əlavə edib.
Səidə Ramazanova