Şarmanaşvili: “Əfqan Sadıqovun çıxarılması Gürcüstan qanunvericiliyinə uyğun icra edilib” – ÖZƏL
13:00 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının deputatı Tengiz Şarmanaşvili azərbaycanlı jurnalist Əfqan Sadıqovun ölkədən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib. Deputat bildirib ki, bu qərar hər hansı dövlətlərarası danışıqlar nəticəsində deyil, birbaşa Gürcüstan qanunvericiliyi əsasında qəbul edilib.
Şarmanaşvili vurğulayıb ki, inzibati icraat zamanı qanun pozuntusuna yol vermiş şəxslərin ölkədən çıxarılması və girişinə qadağa qoyulması dövlətin suveren hüququdur.
Deputat qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin məsələ ilə bağlı hər hansı sualı yaranarsa, Gürcüstan tərəfi buna hüquqi çərçivədə aydınlıq gətirməyə hazırdır. Azərbaycan hakimiyyətinin məlumatlandırılması barədə suala cavab olaraq, Şarmanaşvili ölkədən çıxarılma prosedurunun digər dövlətlərin xəbərdar edilməsi əsasında deyil, şəxsin daxil olduğu ölkəyə geri göndərilməsi qaydası ilə icra edildiyini bildirib.
"Bu, adi bir prosedurdur və qanun çərçivəsində həyata keçirilib," - deyə millət vəkili əlavə edib.