Oskanyan: Paşinyanın “avroreveransları” Ermənistan üçün təhlükəyə çevrilir – ÖZƏL
11:58 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkə hesabında ölkənin xarici siyasət kursunu və Baş nazir Nikol Paşinyanın fəaliyyətini sərt tənqid edən bəyanatla çıxış edib.
Oskanyanın sözlərinə görə, Paşinyan parlament seçkiləri ərəfəsində Avropa Siyasi Birliyinin toplantısını İrəvana salmaq cəhdi daxili reytinqi artırmağa hesablanıb. Lakin regionda pisləşən vəziyyət, xüsusilə qonşu İrandakı gərginlik bu planı siyasi üstünlükdən risk faktoruna çevirib.
Sabiq nazir qeyd edib ki, seçicilər artıq "avroreveransların" məzmunsuz olduğunu və ölkəni daha uzaq vəziyyətə saldığını anlayırlar. Paşinyanın Moskva səfərindən sonra Ermənistanın "Avropa, yoxsa Avrasiya İttifaqı" seçimi qarşısında qalması vəziyyəti daha da mürəkkəbləşdirib.
Bəyanatda vurğulanır ki, Paşinyan hakimiyyəti illərində Ermənistanın Rusiyadan iqtisadi asılılığı 10 dəfə artıb. Oskanyan xəbərdarlıq edir ki, Qərblə nümayişkaranə yaxınlaşma cəhdləri fonunda bu asılılıq kəskinləşərsə, bunun zərbəsi hər bir Ermənistan vətəndaşına dəyəcək.
Sonda keçmiş nazir bildirib ki, Ermənistana nümayişkaranə addımlar deyil, ehtiyatlı və balanslaşdırılmış xarici siyasət lazımdır.