Müharibə bitdi, təhlükə bitmədi: beynəlxalq öhdəliklər niyə yerinə yetirilmir? – ÖZƏL
10:28 Siyasət"Birləşmiş Millətlər Təşkilatının qərarlarına əsasən, post-müharibə dövründə tərəflər ərazilərdə basdırılmış minalar haqqında məlumatları qarşı tərəfə təqdim etməlidirlər. Ottava Konvensiyası ilə bağlı məsələlərdə də məlumdur ki, Ermənistan bu öhdəliklərə real şəkildə yanaşmır. Konvensiyanın tələblərinə uyğun davranmadığı üçün mina xəritələrini təqdim etmir. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əhalinin hər iki tərəfdə zərər çəkməməsi üçün qəbul edilmiş qərarlar mövcuddur. Lakin Ermənistan bu qərarların heç birinə bu günə qədər əməl etmir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, nəticədə, Qarabağ zonasında basdırılmış minalar hələ də tam şəkildə təmizlənə bilmir. Baxmayaraq ki, Azərbaycan uzun müddətdir bu sahəyə ciddi maliyyə vəsaiti ayırır və ANAMA və digər mina təmizləmə qurumları ilə birlikdə genişmiqyaslı fəaliyyət həyata keçirir, buna baxmayaraq, tam nəticə əldə olunmur. Bunun əsas səbəbi isə mina xəritələrinin Ermənistan tərəfindən təqdim edilməməsidir. Bu isə ərazilərdə hansı nöqtədə hansı təhlükənin olduğunu dəqiq müəyyənləşdirməyə imkan vermir. Bu vəziyyət həmin ərazilərdə əhalinin təhlükəsiz yaşayışı üçün ciddi risk yaradır. Nəticə etibarilə, Azərbaycan bu məsuliyyəti tam şəkildə üzərinə götürməkdə çətinlik çəkir. Ermənistanın bu konvensiya və beynəlxalq qərarları pozması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər. Eyni zamanda, insanların bu şəkildə təhlükə altında saxlanılması da humanitar hüquq baxımından ciddi problem hesab olunur.
Ekspert qeyd edib ki, Azərbaycan isə bu sahədə həm Avropa İttifaqı, həm də Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən dəstəklər alsa da, o cümlədən dron texnologiyalarından istifadə etməklə minaların aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində işlər aparsa da, hələ ki, istənilən nəticəyə tam nail olmaq mümkün olmayıb. Bu problem yalnız humanitar baxımdan deyil, həm də iqtisadi və siyasi baxımdan dövlət üçün ciddi çətinliklər yaradır. Dron texnologiyalarının tətbiqi müəyyən nəticələr versə də, proses hələ də tam effektiv deyil. Çünki bu sahədə həm kadr potensialı, həm də texniki hazırlıq istənilən səviyyədə deyil.
Səidə Ramazanova