KTMT-dən uzaqlaşan Ermənistan: təhlükəsizlik boşluğu, yoxsa yeni strategiya? - ÖZƏL
17:16 Siyasət"Ermənistan-Rusiya münasibətləri hazırda yeni və fərqli mərhələdə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Nikol Paşinyan tərəfindən açıq şəkildə səsləndirilən fikirlər həm daxili, həm də xarici auditoriyaya hesablanmış siyasi mesaj kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması müəyyən mənada məsuliyyətin Rusiyanın üzərinə yönəldilməsi cəhdi kimi də şərh oluna bilər".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)
faktiki olaraq uzaqlaşması Rusiyanın regiondakı hərbi-siyasi dominantlığına qarşı çıxış kimi dəyərləndirilir. Bu fonda Ermənistan alternativ tərəfdaşlarla münasibətləri genişləndirməyə çalışır.
Xüsusilə Rusiyadan asılılığı azaltmaq məqsədilə hərbi-texniki əməkdaşlığın şaxələndirilməsi diqqət çəkir. Fransa və Hindistan ilə imzalanan silah müqavilələri, eləcə də ABŞ ilə keçirilən hərbi təlimlər bu istiqamətdə atılan addımların göstəricisidir.
Lakin digər tərəfdən Rusiya ilə münasibətlərin soyuqlaşması Ermənistan üçün təhlükəsizlik baxımından müəyyən boşluqlar yaradır. Bu vəziyyət ölkəni yeni geosiyasi balans axtarışına sövq edir və Qərblə yaxınlaşma siyasətini daha da aktuallaşdırır".
Zeynəb Mustafazadə