"Prezidentlərin dialoqu münasibətləri pozmaq istəyən qüvvələrə ciddi mesajdır" – ŞƏRH – ÖZƏL

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək göstərilən humanitar yardıma görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev İrandakı gərginlikdən narahatlığını ifadə edərək, həlak olanlara rəhmət diləyib və qarşıdurmanın tezliklə sona çatmasını arzulayıb. Dövlət başçısı humanitar dəstəyin davam edəcəyini və yaxın vaxtlarda növbəti yardımın göndəriləcəyini vurğulayıb. 

"Azərbaycan və İran arasında münasibətlərin normal olması hər iki tərəf üçün olduqca böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan və İran qonşu ölkələr kimi bütün sahələr üzrə geniş əməkdaşlıq imkanlarına və potensialına malikdirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, qarşılıqlı faydalı münasibətlərin mövcudluğu həm İranın, həm də Azərbaycanın maraqlarına tam şəkildə cavab verir. Bu baxımdan, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin telefon danışığı zamanı İran prezidentinin Azərbaycana göstərilən humanitar yardımlara görə təşəkkür etməsi həm iki ölkə arasındakı münasibətlər baxımından, həm də digər qlobal güclərə verilən mesaj kimi diqqətəlayiqdir. Çünki Azərbaycan-İran münasibətlərinin korlanmasında maraqlı olan qüvvələr həm İran daxilində, həm də beynəlxalq müstəvidə mövcuddur. Belə şəraitdə yüksək səviyyəli birbaşa təmaslar iki ölkə arasında mövcud gərginliyin azalması və münasibətlərin normallaşması üçün əlverişli zəmin yarada bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31