Bakı-Tehran xəttində yeni mərhələ: diplomatik istiləşmə siqnalları- ÖZƏL
16:28 Siyasət"Azərbaycan bütün qonşularla xoş münasibətlərin, normal əlaqələrin, sülh və sabitliyin tərəfdarı, tərənnümçüsüdür. İranla da Azərbaycan hər zaman, mədəni, iqtisadi, siyasi, ticari və digər sahələrdə əlaqələrin inkişafında maraqlı olub".
Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:
"Müxtəlif vaxtlarda İranın siyasi idarəetmə sisteminin ideoloji tələblərindən doğan hadisələr bu əlaqələrə xələl gətirib, təxribatlar baş verib, hətta Azərbaycana qarşı terror aktı da olub. Lakin bu kimi hadisələr İran rejiminin çoxşaxəli, mürəkkəb siyasi sisteminin radikal qolunun fəaliyyəti sayəsində baş verib. Sivil xalqı təmsil edən prezident institutunun təmsil etdiyi məsələlərdə normal dialoq, normal diplomatiya hər zaman davam edib. Xüsusən də Prezident Pezeşkianın dövründə hər iki arasındakı diplomatik əlaqələr istiləşib. Təbii ki, qonşu ölkələr olaraq bir sıra iqtisadi, ticari layihələr, ortaq maraq kəsb edən məsələlər var ki, normal münasibətlər bu sahədə də irəliləyişi labüdləşdirir. Azərbaycan Respublikası Prezidentinin müdrik və balanslı siyasəti dövlət regiondakı münaqişələrdən qorumaqla həm də siyasi balansı qoruyur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə İrana yardım göstərilməsi və yenə də bu dəstəyin davam edəcəyinin elan edilməsi onu göstərir ki, biz etibarlı qonşuyuq. Azərbaycan Ermənistan ilə müharibə edəndə İran əsgərləri Zəngilanda bizim hərbçilərin qarşısına sədd çəkmişdi. Lakin ABŞ və İsrailin İrana hərbi müdaxiləsi zamanı Azərbaycan öz ərazindən heç bir ölkəyə dayaq nöqtəsi verməyib. Əksinə İrana maddi, humanitar dəstək göstərir. Bu sübut edir ki, əsl müsəlman ölkəsi İran yox Azərbaycandır. Çünki dini, mədəni, mənəvi, humanitar dəyərləri ədalətli şəkildə yaşadır. Əgər İranda amansız rejimin qəddar simaları təmizlənərək məhz Məsud Pezeşkian kimi qloballaşan dünyanın real siyasətinin nəbzini tutmağı bacaran şəxsə əsas səlahiyyətlər ötürülərsə əlaqələr daha da istiləşə bilər. Hər bir halda Azərbaycan və İran arasında münasibətlərin normallaşması hər iki ölkə üçün mühümdür. Az qala bütün dünyanın üz çevirdiyi vaxtda İran xalqına humanitar yardım etmək özü də böyük cəsarət tələb edir. Azərbaycan məhz bu cürəti ortaya qoydu, İran xalqına insani qardaş dəstəyini əsirgəmədi. İndiki ərəfədə müsbət təmaslar olmalı, Pezeşkian və komandası ilə, ümumiyyətlə İranın idarəçiləri ilə fəal əlaqələr vacibdir. Bu yardımların göndərilməsi həm də onu sübut edir ki, Azərbaycan İrana heç zaman ziyan vurmayıb, əksinə dar gündə dost, qonşu əlini uzadıb".
Zeynəb Mustafazadə