Böyük zəfərin başlanğıcı: Aprel döyüşləri Ermənistanın "ordu mifi"ni necə dağıtdı? – ÖZƏL

"Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı tarixi nailiyyət həm siyasi, həm hərbi, həm də mənəvi-psixoloji baxımdan mühüm üstünlüklərlə yadda qaldı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev deyib. Ekspert bildirib ki, məsələnin mənəvi-psixoloji tərəfi ondan ibarətdir ki, bu qısa müddətli - üç-dörd günlük döyüşlər Azərbaycan ordusunun düşmən üzərində daha güclü və üstün olduğunu açıq şəkildə göstərdi. Eyni zamanda bu uğur ordunun peşəkarlığının, döyüş hazırlığının və yüksək mənəvi-psixoloji ruhunun göstəricisi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, bu döyüşlər qarşı tərəfin ordusunda həm döyüş hazırlığının, həm də mənəvi-psixoloji vəziyyətin nə qədər aşağı səviyyədə olduğunu da üzə çıxardı.

"Aprel döyüşlərinin siyasi əhəmiyyəti isə qısa müddət ərzində özünü göstərdi. Belə ki, bu hadisələrdən az sonra Ermənistanda uzun illər hakimiyyətdə olan "Qarabağ klanı"nın mövqelərinin zəifləməsi və nəhayət, 2018-ci ildə baş verən daxili siyasi proseslər fonunda Nikol Paşinyan hakimiyyətə gəlməsi bu baxımdan diqqət çəkir. Aprel döyüşləri həm Azərbaycan, həm də Ermənistan cəmiyyətinə mühüm mesaj verdi. Bu mesaj ondan ibarət idi ki, Azərbaycan tərəfi artıq düşmən üzərində siyasi, hərbi və mənəvi-psixoloji üstünlüyün əsasını formalaşdırıb", - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, sonrakı dövrdə baş verən hadisələr - xüsusilə 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri göstərdi ki, aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının və döyüş qabiliyyətinin ilkin təzahürü olub. Bu baxımdan həmin döyüşlər sonrakı böyük qələbənin əsasını qoyan mərhələ kimi dəyərləndirilə bilər. Aprel döyüşləri Azərbaycanın ən yeni tarixində mühüm hərbi əməliyyatlardan biri hesab olunur. Bu əməliyyatlar nəticəsində azad edilən ərazilərin coğrafi əhəmiyyətindən daha önəmli olan isə məhz Azərbaycan ordusunun qazandığı hərbi, siyasi və mənəvi-psixoloji üstünlükdür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31