Bir millətin iradəsi: Aprel döyüşlərindən gələn mesaj- ÖZƏL

2016-cı il Aprel döyüşlərinin  10-cu  ildönümü  tamam olur.  2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları tariximizə qəhrəmanlıq salnaməsi kimi yazıldı. Düşmənin ağır məğlubiyyətə uğradılması, strateji mövqelərin azad edilməsi bu döyüşlərin əsas nəticəsi oldu. 
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib: 
" Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı torpaqların işğal altında olması faktoru ilə heç vaxt barışmayıb və barışmayacaq da, bu isə ATƏT-in Minsk Qrupunun Ermənistan siyasi rəhbərliyi ilə bahəm dövlətimizə qəbul etdirmək istədiyi konsepsiyaya olan ümidlərin puça çıxması idi.
Bu döyüşlərdə əldə edilmiş qələbə Azərbaycan iqtidarının ordu quruculuğu sahəsində apardığı səmərəli və məqsədəyönümlü siyasətin bariz göstərici oldu. Ordumuzun qüdrətini, onun döyüş qabiliyyətinin düşmənə və onun havadarlarına nümayiş etdirilməsi baxımından ciddi siyasi, hərbi, psixoloji əhəmiyyət kəsb etdi. Ermənistanda onun ordusunun "məğlubedilməməzliyi " ilə bağlı iqtidarın uzun illər cəmiyyətə aşıladığı ideoloji kursun sabun köpüyü kimi partlamasına ciddi təsir göstərdi. Xalqımızda və orduda qələbəyə inam hissinin daha da, möhkəmlənməsinə, cəmiyyətin vətənpərvərlik notlarına köklənməsinə öz misilsiz töhfəsini vermiş oldu. Region ətrafında geosiyasi reallıqların dəyişə biləcəyi ilə bağlı bəlli dairələrə ötürülmüş siyasi icmarıc kimi Azərbaycanla münasibətlərə fərqli reallıqlardan yanaşılması üçün siyasi və hərbi əhəmiyyət kəsb edən platforma kimi əhəmiyyət kəsb etdi. Orduda şəxsi heyətlə aparılan işin, onun modern orduya çevrilməsi istiqamətində həyata keçirilən siyasətin düzgün olduğunu göstərməklə bununla bağlı tədbirlərin ardıcıllığını təmin etmiş oldu".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31