Fransa rəsmisi: “İrandakı münaqişə uzun sürəcək və qlobal təsirləri olacaq” – ÖZƏL
15:28 SiyasətFransanın Avropa məsələləri üzrə xarici işlər naziri yanında nümayəndəsi Benjamin Haddad bildirib ki, İranda baş verən münaqişə uzun müddət davam edə və ciddi uzunmüddətli nəticələrə səbəb ola bilər.
Olaylar.az xəbər verir ki, o, CNews telekanalına müsahibəsində qeyd edib: "Məndə kristal kürə yoxdur, lakin istənilən halda uzun sürəcək müharibəyə hazırlaşmaq lazımdır. Bu münaqişə artıq bir aydır davam edir və hazırda onun çıxış yolu görünmür".
Nazir nümayəndəsi vurğulayıb ki, ABŞ və İsrailin İranda apardığı hərbi əməliyyatların nəticələri bütün dünyada hiss olunur. Onun sözlərinə görə, Fransa regiondan neft məhsullarının tədarükündə yaranan problemlərdən nisbətən az təsirlənsə də, ölkədə yanacaq qiymətlərinin artımı müşahidə edilir.
Haddad əlavə edib ki, ABŞ-də də yanacaq qiymətləri ciddi problem olaraq qalır. Bu kontekstdə o, ABŞ prezidenti Donald Trampın digər ölkələri Hörmüz boğazının açılması məsələsini özlərinin həll etməyə çağırmasını tənqid edib.
"Problemi özün yaradırsan, sonra isə başqalarını onu həll etməyə məcbur edirsən - bu, qəbuledilməzdir", - deyə fransalı rəsmi bildirib