Ermənistanda "Rusiya erasının" sonu? – Ekspertdən AÇIQLAMA – ÖZƏL

"Kremldə Nikol Paşinyan ilə Vladimir Putin arasında keçirilən görüşdə kifayət qədər gərgin müzakirə baş tutub və tərəflər bir-birinə qarşı sərt mövqe nümayiş etdiriblər. Bu görüş bir daha göstərdi ki, Paşinyan hakimiyyəti dövründə Ermənistanla Rusiya arasında münasibətlər heç də arzuolunan səviyyədə deyil".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçinin sözlərinə görə, bu vəziyyət gözlənilən idi. Çünki Paşinyan uzun müddətdir Rusiyanı Qarabağ məsələsində tənqid edir. O bildirirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən Rusiya prezidenti də müharibə dövründə açıq şəkildə qeyd etmişdi ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan öz torpaqlarında hərbi əməliyyat aparır. Müharibənin əvvəlində Paşinyan Rusiyanı prosesə daha aktiv cəlb etməyə çalışsa da, Moskva bu məsələyə birbaşa müdaxilə etmədi. Çünki faktiki olaraq Azərbaycan öz ərazilərini işğaldan azad edirdi. Paşinyanın bu mövqeni daim gündəmə gətirməsi Ermənistanda anti-Rusiya ritorikasını daha da gücləndirib. Bu gün artıq həmin siyasətin nəticələri açıq şəkildə görünür. Ermənistan daxilində Rusiyaya qarşı münasibət getdikcə sərtləşir. Eyni zamanda Paşinyan hakimiyyətinin Avropa Birliyi ilə münasibətləri genişləndirməsi, bu istiqamətdə daha sıx əməkdaşlığa üstünlük verməsi və müəyyən mənada Rusiyadan uzaqlaşma siyasəti də bu gərginliyi artıran əsas amillərdəndir. Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərdəki gərginlik təsadüfi deyil və son görüş bu vəziyyəti bir daha təsdiqlədi.

Ekspert bildirib ki, bu proseslərin Ermənistanın daxili siyasətinə təsiri qaçılmazdır. Xüsusilə qarşıdan gələn parlament seçkilərindən sonra bu təsirin daha aydın şəkildə görünəcəyi gözlənilir. Əgər Rusiya Ermənistan üzərində təsir imkanlarını qorumağa çalışarsa, bu, seçki prosesində və ondan sonrakı siyasi düzəndə özünü göstərə bilər. Həm Paşinyanın, həm də Rusiyanın artıq müəyyən seçim qarşısında olduğu görünür. Moskva İrəvan qarşısında faktiki olaraq seçim qoyur: ya Avrasiya İqtisadi Birliyi çərçivəsində qalmaq, ya da Avropa Birliyi ilə daha sıx inteqrasiya yolunu seçmək. Parlament seçkilərindən sonra isə bu istiqamətdə daha konkret mənzərə formalaşacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31