İqtisadi imkanların genişlənməsi müasir ordu quruculuğu üçün geniş perspektivlər açır- ÖZƏL
14:10 Siyasət"Azərbaycan dövləti 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində son 200 illik tariximizin ən böyük zəfərlərini qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbələr sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Bu gün üçrəngli Azərbaycan Bayrağı Xankəndi, Şuşa, Xocalı da daxil olmaqla ölkənin bütün ərazisində əzəmətlə dalğalanmaqla hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşadır. Xalqımızı bu böyük qələbələrə aparan yolda 2016-cı il aprelin əvvəlində baş verən döyüşlərin xüsusi əhəmiyyəti var. Artıq şanlı Aprel döyüşlərindən 10 il ötür". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib:
"Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Aparılan sülh danışıqlarında daim konstruktivlik ortaya qoyan Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, dövlət başçısının qətiyyətli siyasi iradəsi əsasında ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı, bu istiqamətdə planlı iş aparıldı.
Müharibə geniş mənada ölkələrin milli güclərinin qarşı-qarşıya gəlməsi anlamında qəbul olunur. İqtisadiyyatı güclü olmayan dövlət heç vaxt müharibənin qalib tərəfinə çevrilə bilməz. Bu mənada Prezident İlham Əliyevin respublikamızın iqtisadi müstəqilliyinin təmin olunması məqsədilə həyata keçirdiyi ardıcıl siyasət xüsusi vurğulanmalıdır. İqtisadi imkanların genişləndirlməsi ölkənin siyasi müstəqilliyini şərtləndirməklə yanaşı, həm də müasir ordu quruculuğu üçün geniş perspektivlər açdı. Ölkəmizdə güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Aprel döyüşləri, ondan sonrakı əməliyatlar, Vətən müharibəsi və antiterror tədbirləri göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Respublikamızda aparılan müasir ordu quruculuğu siyasətinin mühüm bir istiqamətini isə şəxsi heyətin peşəkarlığının artırılması, kadrların yetişdirilməsi, həmçinin əsgər və zabitlərin sosial təminatlarının gücləndirilməsi təşkil edib".