TDT yeni dövrün yeni tələbinə uyğun yaranan təşkilatdır- ÖZƏL
13:14 Siyasət"Türk Dövlətləri Təşkilatının hökumət başçıları və vitse-prezidentinin Bakıda keçirilən ikinci görüşü əhəmiyyətli bir hadisədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Türk Dövlətləri Təşkilatı artıq 17-ci ildir fəaliyyətə başlayıb və 12 zirvə toplantısı olub. Bakıda keçirilən hökumət başçılarının toplantısı da məhz Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutan artıq ikinci toplantıdır. Bu dövlət başçıları tərəfindən verilən qərarların hökumət tərəfindən icra olunmasında bir nəzarət və koordinasiya mexanizmi kimi çox effektiv bir tədbirdir.
Türk Dövlətləri Təşkilatı bu gün dünya ticarətinin təxminən 3,6 faizinə və ümumi daxili məhsulun da 2 faizinə yaxınına malikik. Bu rəqəm olaraq bəzən çox böyük görsənməsə də, amma təsir və güc baxımından və yerləşmiş coğrafi mövqedən kifayət qədər effektiv bir təşkilatdır. Həm də nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatı 21-ci əsrin təşkilatıdır. Bu gün dünyada 20-ci əsrin təşkilatlarının bir böhranını yaşayırıq. Və regionda baş verən hadisələr Birləşmiş Millətlər Təşkilatından tutmuş Avropa Birliyinə qədər 20-ci əsrdə kifayət qədər effektiv olmuş və o dövrün tələblərinə uyğun yaranmış təşkilatların bir böhranı ilə üz-üzəyik.
Yəni, sanki bir dövr qapanır, amma yeni bir dövr açılır. Məhz yeni bir dövrün təşkilatı da Türk Dövlətləri Təşkilatıdır. O cəhətdən baxsaq, yeni bir dövrün yeni tələbinə uyğun yaranan bir təşkilatın dünyada nüfuzunun artması ilə bağlı edilən cəhdlər və bu gün baş verən hadisələr, xüsusən regionda baş verən hadisələr göstərir ki, hələ 2009-cu ildə Naxçıvandan başlayan bu hərəkat vaxtilə nə dərəcədə müdrik, nə dərəcədə vacib verilmiş bir qərar olmuşdur. Bu gün regionun təhlükəsizlik arxitekturası, gələcək perspektivləri və konfliktlərin olmaması üçün belə bir təşkilatın rolu vacibdir."
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının hökumət başçıları/vitse-prezidentinin ikinci görüşü 2 aprel 2026-cı il tarixində Bakıda keçirilib. Görüşün sonunda birgə bəyanat qəbul edilib.