Milli Məclisdə Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirilib

Aprelin 2-də Milli Məclisdə Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 34 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. "Olaylar" xəbər verir ki, tədbir iştirakçılarını spiker Sahibə Qafarovanın adından salamlayan Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov  Çinin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu vurğulayıb, iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından ötən 34 il ərzində münasibətlərimizin keçdiyi inkişaf yolundan danışıb, O, iki ölkə arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq əlaqələrinin bugünkü səviyyəsindən məmnunluğunu bildirərək, Prezident İlham Əliyevin ötən il Çin Xalq Respublikasına dövlət səfərindən sonra əlaqələrimizin daha da inkişaf edərək, yeni mərhələyə yüksəldiyini qeyd edib.

Soltan Məmmədov Milli Məclis sədrinin ötən ay Çinə səfərini xatırladaraq, parlamentlər arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb. O, Azərbaycan və Çin arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın yüksələn xətlə inkişaf etməsinin hər iki xalqın maraqlarına xidmət etdiyini qeyd edib, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələrin əhəmiyyətindən və gələcək planlardan danışıb.

Dəyirmi masada iştirak edən Çinin Azərbaycandakı səfiri Lu Mey iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 34-cü ildönümünün tamam olmasının qürurverici olduğunu qeyd edib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Çinlə münasibətlərin inkişafına həmişə böyük önəm verdiyini və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir Azərbaycanın Çinin qlobal təşəbbüslərinə dəstəyinin yüksək qiymətləndirildiyini, iki ölkə arasında ticarət dövriyyəsinin və digər sahələrdə əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıb.

Qanunvericilik orqanları arasında əlaqələrin də yüksək səviyyədə olduğunu deyən səfir, parlamentlərin ikitərəfli və çoxtərəfli münasibətlərin inşafında  özünəməxsus rol oynadığını qeyd edib.

Tədbirdə, həmçinin Azərbaycan və Çinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığından razılıq ifadə olunub, ölkələrimizin mühüm məsələlərdə bir-birinə daimi dəstək göstərmələrindən məmnunluq bildirilib.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - deputatlar Qüdrət Həsənquliyevin, Günay Əfəndiyevanın, Rəşad Mahmudovun, Nigar Məmmədovanın, Tahir Mirkişilinin, Səbinə Salmanovanın, Elman Nəsirovun və Naqif Həmzəyevin iştirak etdiyi tədbirdə çıxış edənlər parlamentlərarası əlaqələrin Azərbaycan-Çin münasibətlərindəki rolundan danışıblar. Qeyd olunub ki, parlamentlər arasında qarşılıqlı təmaslar, dostluq qruplarının fəaliyyəti və parlamentarilərin səfərləri ikitərəfli münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.

Dəyirmi masada Azərbaycan ilə Çin arasında əməkdaşlığın artan əhəmiyyəti xüsusi vurğulanıb, rəqəmsal iqtisadiyyat, süni intellekt, yaşıl energetika, logistika, ağıllı texnologiyalar və innovasiyalar kimi prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətraflı müzakirə olunub. Bildirilib ki, bu istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi ölkələrimizin davamlı iqtisadi inkişafına xidmət edir.

Müzakirələr zamanı Azərbaycan ilə Çin arasında mövcud olan münasibətlərin bundan sonra da bütün sahələr üzrə daha da dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31