Aprel döyüşləri: Böyük Qələbənin başlanğıcı - ÖZƏL
16:37 Siyasət"Bu gün 10-cu ildönümü tamam olan Aprel döyüşləri əslində Böyük Qələbənin xəbərçisi idi. Məhz həmin günlərdə - aprelin ilk günlərində Azərbaycan Ordusu uzun illər ictimai rəyə yeridilmiş bir mifi darmadağın etdi. İddia olunurdu ki, ermənilər son dərəcə güclü istehkamlar qurublar və heç bir ordu bu müdafiə xəttini yara bilməz. Bu yanaşmaya görə, Qarabağın hərbi yolla azad olunması ümumiyyətlə mümkün sayılmırdı."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Lakin Aprel döyüşləri bu iddiaların əsassız olduğunu sübut etdi. Azərbaycan Ordusu qısa müddət ərzində əks-hücuma keçərək Çocuq Mərcanlı, Lələtəpə kimi mühüm strateji mövqeləri azad etdi. Bununla da ordumuzun gücü təkcə Ermənistana deyil, eyni zamanda onun himayədarlarına da açıq şəkildə nümayiş etdirildi.
Faktiki olaraq, 2016-cı ilin Aprel döyüşləri 2020-ci ilin 44 günlük Vətən müharibəsinin bir növ baş məşqi oldu. Azərbaycan həm özü, həm də beynəlxalq ictimaiyyət üçün göstərdi ki, zərurət yaranacağı təqdirdə, Qarabağ torpaqlarını işğaldan hərbi yolla azad etmək iqtidarındadır.
Bu hadisələrdən sonra Ermənistanın düzgün nəticə çıxarması, Azərbaycanla danışıqlar masasında problemi köklü şəkildə həll etməsi gözlənilirdi. Lakin əksinə, daha sərt və əsassız mövqe sərgiləndi, hətta "Qarabağ Ermənistandır" kimi iddialar irəli sürüldü. Sonrakı proseslər isə bütün dünyaya məlumdur.
Beləliklə, Aprel döyüşləri Böyük Qayıdışın başlanğıcı kimi tarixə düşdü və öz strateji əhəmiyyəti ilə seçildi. Bu hadisələr Azərbaycanın hərbi gücünün, siyasi iradəsinin və milli birliyinin bariz nümunəsi oldu."
İbrahim Məmmədli