“Üçüncü dünya müharibəsi” ritorikası: gerçəklik, yoxsa geopolitik alət? – ÖZƏL
16:12 Siyasət"Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi "Üçüncü Dünya müharibəsinə doğru gedirik" fikri ilk baxışda qlobal təhlükə xəbərdarlığı kimi görünə bilər; lakin bu cür bəyanatlara emosionallıqdan üstün, strateji prizmadan baxmaq zəruridir".
Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Yazar bildirib ki, dünya həqiqətən də mürəkkəb və gərgin bir mərhələdən keçir.
Yaxın Şərqdə artan qarşıdurmalar, o cümlədən Vaşinqton ilə Təl-Əvivin Tehrana hücumu, ABŞ-Çin rəqabətinin kəskinləşməsi və əlbəttə, Rusiya-Ukrayna müharibəsi...
Bax, bütün bunlar qlobal sistemin sarsıldığını açıq-aydın göstərir. Bu anlamda Lavrovun "qlobal nizamın dağılması" tezisi heç də əsassız deyil. Ancaq məsələ ondadır ki, bu dağılma hələ dünya müharibəsi demək deyil. Dünya parçalanmaqdadır, amma nəzarətsiz də deyil. - Gerçəklik bu deyilmi?
İndiki beynəlxalq münasibətlər sistemi klassik ikiqütblü və ya birqütblü modeldən uzaqlaşaraq çoxqütblü struktur almaqdadır. Bu isə rəqabəti artırır, eyni zamanda birbaşa qlobal toqquşma riskini müəyyən qədər məhdudlaşdırır. Çünki böyük güclər birbaşa müharibədən çox proksi münaqişələrə üstünlük verir; nüvə silahı faktoru hələ də "qırmızı xətt" olaraq qalır; iqtisadi qarşılıqlı asılılıq total müharibəni bahalı, riskli edir və s. Yəni dünya gərgindir, amma hələ "kontrolsuz xaos" mərhələsində deyil.
Bəs Lavrovun ritorikası nə anlama gəlir? Onu xəbərdarlıq yoxsa mövqe möhkəmləndirməsi sayaq?
Lavrovun bu tip bəyanatlarını təhlükə təsviri ilə yanaşı geosiyasi ritorika kimi də oxumaq lazımdır. Bu çıxış Qərbə qarşı siyasi təzyiq alətidir; Rusiyanın öz mövqeyini "qlobal mübarizənin tərəfi" kimi legitimləşdirməyə xidmət edir; öz içəri auditoriyaları üçün səfərbərlik ismarıcı daşıyır. Başqa sözlə, burada "Üçüncü Dünya müharibəsi" anlayışı gerçək prosesin adı olmaqdan daha çox, siyasi metafordur. Bəs "ölüm-dirim mübarizəsi" kimlər üçündür? - Bax, bunu ən vacib məqam saya bilərik. Lavrovun "ölüm-dirim müharibəsi" ifadəsi, əslində, geosiyasi model savaşını ifadə edir. Söhbət, Qərb liberal qayda sistemi və ona alternativ olaraq formalaşan çoxqütblü modeldən gedir. Bu qarşıdurma hərbi müharibədən çox iqtisadi sanksiyalar, informasiya savaşları, texnoloji rəqabət üzərində gedir.
"Beləliklə, dünya həqiqətən tarixi transformasiya mərhələsindədir. Gərginlik artırmı? - Bəli. Risklər çoxdurmu? - Bəli. Amma mövcud durum Üçüncü Dünya müharibəsinə doğru qaçışdan daha çox, yeni dünya düzəninə doğru çətin, ziddiyyətli keçidi xatırladır. Lavrovun dedikləri isə bu keçidin içində səslənən siyasi mövqe bəyanatıdır - yəni qəti hökm deyil. Dünya tam yanğın içində olmasa da, alov xəttində olduğu şübhəsizdir. Bax, həmin alovu kim necə təsvir edirsə, çox vaxt bu, onun harada dayandığını göstərir", - deyə araşdırmaçı-yazar sonda əlavə edib.
Səidə Ramazanova