Tehranda qanlı sübh: Yanvar etirazlarının iştirakçısı edam edildi
15:59 Siyasətİranın məhkəmə sistemi yanvar ayında ölkəboyu keçirilən hökumət əleyhinə etiraz aksiyalarının iştirakçısı olan Əmirhüseyn Hatəminin edam hökmünü bu gün sübh saatlarında icra edib.
Musavat.com xəbər verir ki, məhkəmə orqanlarının rəsmi mətbuat orqanı olan "Mizan" agentliyi Ali Məhkəmə tərəfindən apelyasiya şikayəti rədd edilən gəncin asılaraq edam edildiyini təsdiqləyib.
Rəsmi ittihama görə, Hatəmi Tehrandakı strateji hərbi obyektlərdən birinə qanunsuz daxil olmaqda, binanı yandırmaqda və dövlət əmlakına ciddi ziyan vurmaqla yanaşı, silah-sursat ələ keçirməyə cəhddə təqsirli bilinib.
Məhkəmə rəsmiləri onun dindirilmə zamanı bütün ittihamları etiraf etdiyini bildirsələr də, beynəlxalq insan haqları təşkilatları bu etirafların ağır işgəncələr altında alındığını və məhkəmə prosesinin ədalətsiz keçirildiyini bəyan ediblər.
Hazırda ABŞ və İsrail ilə davam edən genişmiqyaslı müharibə fonunda Tehran rejiminin daxili sabitliyi qorumaq üçün edamları sürətləndirdiyi bildirilir. Ekspertlər hesab edirlər ki, yanvar etirazlarından sonra həbs edilən minlərlə şəxs arasında hələ də onlarla insan edam növbəsini gözləyir və bu addım cəmiyyətə verilən növbəti "gözdağı" kimi qiymətləndirilir. Beynəlxalq ictimaiyyət, xüsusən də Avropa ölkələri bu edamı kəskin pisləyərək İrana qarşı insan haqları sanksiyalarının genişləndirilməsini tələb ediblər.