Aprel döyüşləri: Böyük zəfərə aparan yolun strateji başlanğıcı – ÖZƏL
15:47 Siyasət"Aprel döyüşləri, şübhəsiz ki, Azərbaycan xalqının tarixində çox mühüm mərhələ idi və demək olar ki, Qarabağda əldə edilən Böyük Zəfərə aparan yolun başlanğıcı oldu. Bu döyüşlər Azərbaycan ordusunun strateji üstünlüyünü açıq şəkildə nümayiş etdirdi. Əsas məqam ondan ibarət idi ki, Azərbaycan ordusu təşəbbüsü ələ aldı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, təxminən 24-25 il davam edən status-kvo məhz Aprel döyüşləri ilə dəyişdi. Həmin vaxta qədər müəyyən mənada məğlubiyyət psixologiyası ilə üzləşən Azərbaycan ordusu bu qələbə ilə həmin sindromu aradan qaldırdı. Eyni zamanda, bu psixoloji situasiya qarşı tərəfə - Ermənistan ordusuna keçdi.
Ekspert qeyd edib ki, Aprel döyüşlərindən sonra Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunmağa başladı. Bu hal ölkənin ictimai-siyasi həyatına da təsirsiz ötüşmədi və daxili narazılıqların artmasına səbəb oldu. Mən deyərdim ki, Robert Köçəryan və Serj Sarkisyan dövrünün 2018-ci ildə sona çatmasının əsas səbəblərindən biri də məhz Aprel müharibəsində Ermənistan ordusunun üzləşdiyi acınacaqlı vəziyyət idi. Faktiki olaraq, Aprel döyüşləri Ermənistan ordusunun uzun illər formalaşdırılmış "mif"inin dağılmasına gətirib çıxardı. Köçəryan-Sarkisyan hakimiyyəti dövründə şişirdilmiş hərbi güc obrazının reallıqda nə qədər zəif olduğu üzə çıxdı.
"Beləliklə, Azərbaycan ordusu təşəbbüsü ələ alaraq öz gücünü bir daha nümayiş etdirdi. Nəticə etibarilə, 2016-cı ilin aprelindən sonrakı 4 il 5 ay ərzində formalaşan yeni reallıq 2020-ci ilin sentyabrında başlanan əks-hücum əməliyyatları ilə yekunlaşdı və Azərbaycan ordusu qısa müddətdə öz ərazilərini işğaldan azad etdi", - deyə Z. Əmrəliyev sonda vurğulayıb.
Səidə Ramazanova