Prezident İlham Əliyev daxili və xarici siyasətin konturlarını sistemli həyata keçirir- ÖZƏL

"Dünyanın müxtəlif istiqamətlərində müharibələr davam edir, gərginlik ocaqlarının sayı isə getdikcə artır. Uzağa getmədən qeyd edə bilərik ki, həm şimalımızda, həm də cənubumuzda müharibə gedir. Belə bir reallıq fonunda ölkədə daxili təhlükəsizliyin təmin edilməsi və dövlət institutlarının effektiv fəaliyyətinin qorunması hər liderə nəsib olan məsələ deyil. Bu baxımdan qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasətin konturlarını ardıcıl və sistemli şəkildə həyata keçirir. Nəticə etibarilə xalqın dövlət başçısı ətrafında birliyi daha da möhkəmlənir." Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:

"İkinci Qarabağ müharibəsində əldə olunan nəticələr və Zəfərdən sonrakı proseslər bir daha göstərdi ki, cəmiyyətin həmrəyliyi inkişaf üçün əsas şərtlərdən biridir. Eyni zamanda, müəyyən dövrlərdə cəmiyyəti parçalamağa yönəlmiş meyillər də müşahidə olundu. Lakin müsbət hal ondan ibarətdir ki, bu cür tendensiyaların qarşısında məhz cəmiyyət özü dayanmağı bacardı. Bu da xalqın tarixdən çıxardığı nəticələrin və yaşadığı təcrübənin göstəricisidir.

Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunə kimi təqdim olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət beynəlxalq səviyyədə izlənilir və qiymətləndirilir. Cəmiyyətin tarixi yaddaşı güclüdür və bu, milli mövqenin qorunmasında mühüm rol oynayır. Eyni zamanda, dövlət ideoloji baxımdan cəmiyyətin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Müasir dünyada ideoloji təsirlər cəmiyyətlərə ciddi təsir göstərdiyi üçün bu sahədə fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü ilə yanaşı, ideoloji baxımdan da möhkəmlənməsi prioritet istiqamətlərdən biridir. Bu çərçivədə gənc nəslin milli maraqlara sadiq ruhda yetişdirilməsi xüsusi önəm kəsb edir və dövlət bu məsələyə həssas yanaşır."

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31