İrəvanın "situativ" siyasəti: Paşinyan niyə yenidən Rusiyaya sığınır? – ÖZƏL

"Əvvəlcədən qeyd edək ki, Moskvada keçirilən görüş Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi davranış trayektoriyasını və regionda formalaşmış yeni reallıqlara uyğunlaşmaq məcburiyyətini bir daha açıq şəkildə nümayiş etdirir. Xüsusilə, nəzərə alsaq ki, Ermənistan daxilində seçki ab-havası formalaşır, Paşinyanın Rusiyaya səfəri ilk növbədə daxili auditoriyaya hesablanmış siyasi gediş kimi qiymətləndirilməlidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, uzun müddət Qərbə inteqrasiya ritorikası ilə çıxış edən Paşinyanın bu gün Kremlin dəhlizlərində Vladimir Putinlə "ortaq dəyərlər"dən danışması reallığın diktəsidir.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan rəhbərliyi çox yaxşı anlayır ki, ölkə daxilində sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi və hakimiyyətin qorunub saxlanılması üçün Rusiyanın siyasi və iqtisadi təsir imkanlarını nəzərə almamaq mümkün deyil. Bu isə o deməkdir ki, Moskva hələ də İrəvan üzərində ciddi rıçaqlara malikdir.

"Düşünürəm ki, Paşinyanın Azərbaycan üzərindən nəqliyyat əlaqələrini müsbət qiymətləndirməsi isə xüsusi diqqət çəkən məqamdır. Bu, əslində, uzun illər davam edən blokada siyasətinin iflasa uğradığının etirafıdır. Ermənistan artıq anlayır ki, regional iqtisadi layihələrdən kənarda qalmaq onun üçün strateji itkilərlə nəticələnir. Azərbaycan ərazisindən keçən nəqliyyat xətlərinin bərpası isə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər", - deyə ekspert əlavə edib.

B. Quliyevin sözlərinə görə, bu yanaşmanı dərhal "real sülhə tam yaxınlaşma" kimi təqdim etmək hələ tezdir. Ermənistanın siyasi davranışında zaman-zaman müşahidə olunan ziddiyyətlər göstərir ki, İrəvanın addımları daha çox situativ xarakter daşıyır. Yəni bu gün iqtisadi maraqlar naminə verilən mesajlar sabah daxili siyasi təzyiqlər fonunda dəyişə bilər. Buna görə də dayanıqlı sülh üçün konkret hüquqi öhdəliklər və qarşılıqlı etimad mühiti formalaşmalıdır. Digər tərəfdən, Rusiya-Ermənistan münasibətlərində "ortaq dəyərlər" vurğusu geosiyasi balans baxımından mühüm siqnaldır. Bu, Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq niyyətindən geri çəkilmədiyini göstərir. Eyni zamanda, Ermənistanın Qərb və Rusiya arasında manevr siyasətinin davam etdiyini də təsdiqləyir. Lakin artıq yeni reallıq ondan ibarətdir ki, regionda əsas söz sahibi olan aktorlardan biri Azərbaycandır və bu reallıqla hesablaşmadan heç bir geosiyasi kombinasiya uğurlu ola bilməz.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31