Danışıqlara yox deyən Tehran: regionu nə gözləyir? ÖZƏL

ABŞ kəşfiyyat orqanları İranın Vaşinqtonla münaqişəni dayandırmaq üçün danışıqlara hazır olmadığı qənaətinə gəlib. "The New York Times"ın məlumatına görə, Tehran özünü güclü mövqedə hesab edir və ABŞ-ın tələblərini qəbul etməyə ehtiyac duymur. Eyni zamanda İran tərəfi ABŞ-a, xüsusilə prezident Donald Trampın yanaşmasına etibar etmir. İranın danışıqlardan imtina etməsi regionda gərginliyin daha da artmasına səbəb ola bilərmi? ABŞ-İran münasibətlərində etimadsızlıq hansı mərhələdə aradan qaldırıla bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Əlbəttə ki, İranın danışıqlardan imtina etməsi gərginliyin daha da artmasına səbəb olacaq. Çünki qarşı tərəfə baxanda biz sıradan ölkələri görmürük. Burada bütün sahələrdə, o cümlədən hərbi texnologiya sahəsində kifayət qədər inkişaf etmiş sənayisi olan, güclü orduya sahib ABŞ və İsrail kimi ölkələr var.
Bu tərəflərin qıcıqlanması və İrana qarşı ölüm-dirim müharibəsinə başlamaq qərarına gəlməsi ehtimalı var. ABŞ, İsraili kənara qoysaq, dünyanın ən güclü ordusuna və ən böyük iqtisadiyyatına sahib bir ölkə olaraq, İranda əməliyyatlarını istədiyi nəticəyə çatdırmadan dayandırmaq məcburiyyətində qalsa, bu, onun dünyadakı nüfuzuna sarsıcı təsir göstərə bilər. Ona görə ABŞ asanlıqla geri addım ata bilməz və məqsədlərinə çatmadan təslim olmayacaq. İranın bu son qərarı ABŞ və İsrail tərəfindən xoş qarşılanmayacaq və onlar çalışacaqlar ki, İrana qarşı əməliyyatların təsirini artıraraq hədəflərinə, ən azından, ən vacib məqsədlərə çatmağa nail olsunlar və İran məcbur qalsın ki, ABŞ-ın müəyyən şərtləri ilə razılaşsın. Tərəflər arasında etimadın bərpa olunması məsələsinə gəldikdə isə bu, yalnız etimad mühitinin formalaşdırılması, tərəflərin bir-birinə güvənməsi, sözlə və ya sənəd imzalamaqla mümkün ola bilməz. Çünki indiyə qədər bir çox sənəd imzalanmasına baxmayaraq, onların tapdanılması reallığı ilə qarşılaşmışıq. Ukraynaya Rusiya hücumları zamanı da bu yaddaşdadır. BMT-nin qətnamələrinə baxmayaraq, Azəbaycan əraziləri işğalda qaldı. Və biz yalnız hərbi güclə buna son qoyduq.  Bütün bu faktorlar hər bir ölkə tərəfindən nəzərə alınır və etimad məsələsində yalnız sənədlərə və verilən sözlərə yox, real əməli addımlara baxılır. Son onilliklərdə ABŞ və İran arasında münasibətlər o qədər gərginləşib ki, real addımlar baxımından tərəflərin bir-birinə güvənəcəyi konkret bir fakt yoxdur.
Əgər tərəflər etimad mühitini yaratmaq istəyirlərsə, hər iki tərəf məcburdur ki, bir-birinin maraqlarına zərbə vurmadan öz xarici siyasətini formalaşdırsın. Bu da dövlət maraqlarına uyğun addımlar atmaqla mümkün olacaq. Digər tərəfdən, tərəflər biri-birinə qarşı addımlarını məhdudlaşdırmalı və mövcud hərbi əməliyyatlar fonunda ən azından ölümcül zərbələri dayandıraraq bir-birinə müsbət siqnallar ötürməlidirlər. Hazırkı vəziyyətdə isə bu çətin görünür. Hər iki tərəf kəskin və barışmaz mövqedədir, bu da həm addım atmaq imkanlarını məhdudlaşdırır, həm də etimadı artırmaq perspektivini zəiflədir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31