İran ətrafında gərginlik Çinə qarşı strateji savaşın əsas tərkib hissəsidir- ÖZƏL
13:57 Siyasət"ABŞ prezidenti D. Tramp Ukrayna müharibəsinin Vaşinqtonun müharibəsi olmadığını bildirərək, C. Bayden administrasiyasının Kiyevə 350 milyard dollar həcmində vəsait ayırdığını vurğulayıb. Ümumilikdə, Tramp uzun müddətdir Ukrayna məsələsində ABŞ-ın birbaşa tərəf kimi iştirakını tənqid edir və bunu daha çox əvvəlki administrasiyanın siyasətinin nəticəsi kimi təqdim edir". Bunun "Olaylar"a Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, Ukraynada baş verən Maydan hadisələri ölkədaxili siyasi və sosial narazılıqlar fonunda ortaya çıxsa da, Qərbin - xüsusilə ABŞ-ın - bu proseslərə siyasi və diplomatik dəstəyi ilə qalib gəlib. Ukraynanın Qərbə inteqrasiyası və NATO ilə yaxınlaşması Vaşinqtonun uzunmüddətli strateji maraqları olub. Rusiya isə Ukraynaya qarşı başladığı müharibəni öz təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab kimi əsaslandırır və bunu dolayısı ilə Qərb, xüsusilə də ABŞ-la geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi xarakterizə etmək olar. Moskvanın əsas məqsədi Ukraynanı öz təsir dairəsində saxlamaq, NATO-nun genişlənməsinin qarşısını almaq və qlobal güc balansında fövqəl dövlət statusu əldə etməkdən ibarətdir. Hazırda Rusiya öz prinsipial planından geri çəkilməyib.
D. Tramp administrasiyası ilə əməkdaşlığı müstəvisində çalışır ki, Ukraynada müəyyən taktiki uğurlar əldə edərək, sonrakı proseslərdə strateji qələbəyə çevirsin.
ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyi bu müharibədə mühüm rol oynayır. Bununla belə, Vaşinqtonun prosesdən tam geri çəkilməsi belə, Rusiyanın avtomatik qələbəsinə gətirib çıxarmayacaq. Çünki Böyük Britaniya, Fransa və Almaniya kimi aparıcı Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirmək potensialına malikdir. Eyni zamanda, Ukraynanın müdafiə sənayesi son illərdə əhəmiyyətli dərəcədə güclənib.
Bununla yanaşı, ABŞ-ın Ukrayna məsələsində geri çəkilməsi onun beynəlxalq nüfuzuna ciddi zərbə vura və Avropa müttəfiqləri ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən Vaşinqtonun Ukraynaya dəstəyi davam etdirməsi strateji baxımdan vacib olaraq qalır.Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İran ətrafında formalaşan gərginlik Çinə qarşı strateji savaşın əsas tərkib hissəsidir".