Əli Mustafa: "Körfəz ölkələri ABŞ-nin məsuliyyətini tam bölüşmək niyyətində deyil" – ÖZƏL

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatların maliyyələşdirilməsində ərəb dövlətlərinin iştirakında maraqlıdır. Livitt qeyd edib ki, rəsmi Vaşinqton bu məsələdə müttəfiqlərini xərcləri bölüşməyə təşviq etmək niyyətindədir. 

"Bu açıqlama daha əvvəl də səsləndirilmişdi. Lakin ərəb dövlətləri, xüsusilə Körfəz ölkələri bu məsələyə münasibət bildirməyiblər. Bu isə onu göstərir ki, hələlik Körfəz ölkələri mövcud vəziyyətə uyğun davranmağa üstünlük verirlər".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, onlar Amerika Birləşmiş Ştatları ilə münasibətlərdən imtina etmək istəmirlər. Eyni zamanda, ABŞ-nin üzərinə düşən xərcləri və məsuliyyəti tam şəkildə öz üzərlərinə götürmək niyyətində də deyillər. Üstəlik, regionda kifayət qədər real və ciddi təhlükələr mövcuddur.

Ekspertin sözlərinə görə, əgər ABŞ regionu tərk edərsə, bu halda İran tərəfindən hansı təhlükələrin yarana biləcəyi, Körfəz ölkələrinin hansı risklərlə üzləşəcəyi sual altındadır. Digər tərəfdən, əgər ABŞ regionu tərk etməz və münaqişə davam edərsə, bu zaman hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir.

"Fikrimcə münaqişə uzana bilər və bu şəraitdə ABŞ-nin həmin prosesdən necə və nə vaxt çıxacağı da qeyri-müəyyən olaraq qalır. Bununla yanaşı, əgər ABŞ güclü mövqe nümayiş etdirərsə və münaqişədən qalib tərəf kimi çıxarsa, həmçinin Körfəz regionunun təhlükəsizliyinə təminat verməkdə davam edərsə, bu halda Körfəz ölkələrinin onun təşəbbüslərinə müsbət yanaşacağı gözlənilir. Əks halda, yəni münaqişə fərqli nəticələr doğurarsa, ABŞ zəif mövqe nümayiş etdirərsə və ya İranın Körfəz ölkələrinə yönələn təhlükələrinin qarşısını ala bilməzsə, bu zaman hesab edirəm ki, Körfəz ölkələri ABŞ-yə belə bir şans verməyəcəklər. Bütün bunlar proseslərin necə inkişaf edəcəyindən asılı olacaq", - deyə Əli Mustafa sonda vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31