Seçki öncəsi Ermənistan: Sülh yolu qalır, amma risklər artır- ÖZƏL
13:36 SiyasətErmənistanda yaxınlaşan seçkilər fonunda Nikol Paşinyan hakimiyyətinə həm Rusiyanın təzyiqi, həm də Qərbin açıq dəstəyi fonunda siyasi gərginlik artır. Siyasi analitik Boris Navasardyan hesab edir ki, hakimiyyət dəyişsə belə sülh kursu əsasən qalacaq, lakin bu qeyri-müəyyənlik şəraitində hər gecikmə ciddi risklər yaradır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Əslində, erməni ekspert məsələdə müəyyən qədər haqlıdır. Yəni prinsipcə sülh sazişi indi elə bir mərhələyə gəlib çatıb ki, ondan yayınmaq, imtina etmək və prosesi başa çatdırmamaq Ermənistandakı istənilən iqtidarın prestijini aşağı salacaq. Yəni Paşinyandan başqa biri hakimiyyətə gəlsə də, danışıqlar davam edəcək.
Amma burada danışıqların həlli məsələsi var ki, əsas sual doğuran məqam da məhz budur. Mən digər qüvvələrin prosesi Paşinyan qədər irəli aparacağını düşünmürəm. Əlbəttə ki, bu, Paşinyanın birmənalı sülhpərəst mövqeyindən qaynaqlanan məsələ deyil. Paşinyan müharibələri və onların nəticələrini gördü. Faktiki olaraq Ermənistanın regionda bundan sonrakı mövcudluğunu qorumağın vacibliyini anlayır. Sülh danışıqları və ümumilikdə sülh prosesi Azərbaycanın hərbi qələbələri və müəyyən qədər güzəştləri əsasında formalaşan bir prosesdir. Ermənistanda hazırda bunu anlayırlar. Proses başqası tərəfindən davam etdirilə bilər, amma onun məntiqi həddə çatdırılması çətin, hətta mümkünsüz ola bilər.
Biz əvvəllər revanşist qüvvələrin bu prosesi həll etməkdə maraqlı olmadığını görmüşük. Onlar məsələni uzadırdılar ki, bu da ən çox Rusiyanın maraqlarına uyğun idi.
Seçkilər isə kritik bir dönəmdir. Hazırda Paşinyanın hakimiyyətdə qalmasını istəyən qüvvələr də var, onun getməsini istəyənlər də. Ona görə də demək olar ki, seçki prosesi həm regional aktorlar, həm də regionda maraqlı olan digər qüvvələr tərəfindən diqqətlə izlənilir və böyük maraq doğurur. Seçki öncəsi yaranan gərginlik təəccüblü deyil. Aydın məsələdir ki, Moldova, Ukrayna və Gürcüstanda olduğu kimi Ermənistan da öz maraqları uğrunda mübarizə aparır. Hələlik uduzan tərəf Rusiya kimi görünür. Bu baxımdan demək olar ki, seçki dövrlərində gərginlik pik həddə çata bilər. Bu gərginlik seçkidən sonra da davam edə bilər. Amma mən Paşinyanın qələbə qazanacağını və sülh prosesinə sadiq qalacağını düşünürəm".
Zeynəb Mustafazadə