İran-ABŞ razılaşmasının pərdəarxası məqamları

Zərdüşt Əlizadə: “Uzun müddət idi ki, tərəflər gizli şəkildə danışıqlar aparırdılar”

ABŞ Prezidenti Barak Obama İsrailin dövlət başçısı Şimon Peresə zəng edərək İran məsələsində onu razı salıb. Siyasi analitiklər bildirirlər ki, əldə edilən razılaşmada gizli məqam olduğu üçün İsrail İranla bağlı əldə edilən razılaşmanı dəstəkləyir. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, ABŞ-İran razılaşmasında gizli qalan məqam olmadı. Z.Əlizadə bildirdi ki, İran və Amerika uzun müddət gizli danışıqlar aparıblar. Əldə edilmiş razılaşma isə həmin danışıqların əsas nəticəsidir. Qərbin qətiyyətlə İranın uranın zənginləşdirilməsi hüququnu rədd etdiyini deyən politoloqun sözlərinə görə, əldə edilən razılaşmaya əsasən İran uranı 5%-dək zənginləşdirə bilər. Z.Əlizadə hesab edir ki, ABŞ və Qərb İranın molla rejimini tanımaq istəmirdilər və onu devirməyi qarşısına məqsəd qoymuşdular. Vyana razılaşmasından sonra isə Qərb bloku İrandakı İslam rejimini tanımağa razı oldu. İranın dondurulmuş pullarının da müəyyən qismi açıldı. Əgər İran razılaşmanın şərtlərini həyata keçirsə digər məbləğ də açılacaq: "İran neftinə qoyulan qadağa da götürüləcək. Razılaşmanın ABŞ üçün də müsbət tərəfi var. Amerika bir daha dünya səviyyəsində qlobal dövlət olduğunu sübut etdi. ABŞ göstərdi ki, məsələni təkcə hərbi yox, diplomatiya yolu ilə də həll edə bilir. Amerikanın məsələdə əldə etdiyi əsas nəticə İranın nüvə silahına sahib olmasına əngəl olmaq oldu. Tərəflərin hamısı qarşılıqlı güzəştlər əsasında razılıq əldə etdilər. Həmin nümunəni Dağlıq Qarabağ münaqişəsinin həllində də tətbiq etmək olar. Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında da qarşılıqlı güzəştlər olsa məsələnin həllinə nail olmaq mümkündür. Z.Əlizadə onu da qeyd etdi ki, razılaşmanın Barak Obamanın hakimiyyətdən getməsinədək qüvvədə qalacağı ilə bağlı verilən açıqlamalar heç bir həqiqəti əks etdirmir. Çünki əldə edilən razılaşmada ABŞ-ın milli maraqları var. Politoloq hesab edir ki, Amerikada hakimiyyətdə kimin olub olmamasından asılı olmayaraq razılaşma pozulmayacaq: "Əsas məsələ odur ki, əvvəllər ABŞ-ın yürütdüyü siyasətə təsir edə bilən İsrail artıq həmin gücünü itirir. ABŞ da daxil olmaqla heç bir dövlət İsrailin hegemon olmaq niyyətilə razılaşmır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00