İlan görən ala çatıdan, inqilab görən mitinqdən qorxar - KÖŞƏ

Məşədi Cəfər

Ukraynada xalq hakimiyyətə qarşı fəallaşıb. Xoxollar Kiyevin mərkəzi meydanında çadır-zad da qurublar. Səbəb hazırki prezident Viktor Yanukoviçin ölkənin siyasi kursunu dəyişmək cəhdidir. Qeyd edək ki, Ukrayna polisi  etirazçılara qarşı sərt davransa da, gözyaşardıcı qazdan istifadə etsə də, aksiyaçılar geri çəkilməyiblər. Bəzi şuluq etirazçılar hökumət binasına daxil olmağa belə cəhd ediblər. Ötən bazar 100 mindən çox ukraynalının "Avropa" meydanında hökumətə qarşı şüarlar səsləndirdiyi söylənilir. Aksiyaya qatılmış müxalifət liderləri deyir ki, hazırkı etiraz aksiyası 2004-cü ilin "Narıncı İnqilab"ından bəri ən kütləvisidir. Əvvəlcə Avropa tərəfdarları Taras Şevçenko heykəli ərtafında toplaşıb və Avropa Meydanına tərəf hərəkət edib. Meydanda onlara müxalifət liderləri də qoşulub.

Müxalifət lideri, Ukraynanın sabiq xarici işlər naziri Yuri Luçenko deyib ki, əgər prezident Yanukoviç razılaşmanı imzalamasa, təxirəsalınmaz Parlament seçkiləri tələb ediləcək. Müxalifət lideri deyib: "Bizdən gələcək 46 milyonluq xalqı oğurlayırlar. Bizə müharibə elan edilib. Bu problemi həll etməyə hazırsınızmı?"."Batkivşina" partiyasının lideri Arseniy Yaçenyuk isə prezidentin istefasını istəyib. O bildirib ki, Ukrayna müxalifəti də Vilnüsə gedərək "Avropadan böyük Ukrayna dövləti üçün qapıları açıq saxlamağı istəyəcək".

Yuliya Timoşenkonu aksiyada qızı Yevgeniya təmsil edib. O da incə barmaqlarını Yanugoviçə sarı silkələyib. Deyilənə görə, aksiya nəticə verib. Prezident Viktor Yanukoviç Avropaya inteqrasiya kursunun davam edəcəyini bildirib. Belə. Bəzi hər şeyə şübhə ilə yanaşan politoloqlar, siyasət üzrə gənc professorlar hesab edir ki, bu aksiyalar, çadır-filan elə Yanukoviçin öz hoqqalarıdır. Hesab olunur ki, bütün bunlar Ukrayna prezidentinin son vaxtlar güclənməkdə olan Rusiyanın imperiyanı bərpa etmək istəyən hazırkı prezidenti cənab Putinə hədəsidir, təhdididir. Yəni, bax, məni çox məcbur edərsən, yenə inqilab başlanar, qərbpərəstlər Kuçma kimi məni də devirərlər. Ağlatabandır, təcrübəli dövlət başçıları müxalifətin güclü olmasında maraqlı olurlar və yeri gələndə güclü müxalifətdən bu məqsədlə istifadə edirlər. Amma mən Yanukoviçin bu taktikadan ürəklə istifadə edəcəyinə inanmıram. Atalarda məsəl var: İlan vuran adam ala çatıdan qorxar. Deməli, bir dəfə ilan sancmış adam ala çatı ilə oynamaz. Yanukoviçin də bu baxımdan "İnqilab-inqilab" oyunu oynaması inandırıcı deyil. Adamı bir dəfə Kuçma qarışıq inqilabla deviriblər. İndi yəqin ki, Yanukoviç narıncı çadır görəndə ürpənir. Kim bilməsə də, Yanukoviç inqilabın, narıncı çadırların, dolub-daşan "Maydan"ın nə olduğunu bilir. Onu da bilir ki, etiraz aksiyaları ilk vaxtlar idarəolunan ola bilər. Sonradan türklər demiş, "zıvanadan çıxa" da bilər. Putinə xox gələcək deyə bu riskə niyə getsin ki?! O üzdən düşünürəm ki, Ukraynada baş verənlər təbii prosesdir. Xalq xarici siyasət kursunun, ölkənin istiqamətinin dəyişdirilməsinə etiraz edir. Ukrayna xalqı demokratiyanı, müstəqilliyi dadıb. İndi onu əldən vermək istəmir. Türkiyədəki "Gəzi Parkı" olayları sübut etdi ki, demokratiyada böyük əksəriyyətin səsini almaq hələ hər şey deyil. Avtoritarlığa meyl edərsən, adamı yarı yolda qoyarlar. Yanukoviç də bu dərsdən nəticə çıxarmalıdır. Ukrayna xalqı ona səs verib, amma bu, o demək deyil ki, Yanukoviç həyati əhəmiyyətli məsələlərdə təkbaşına qərar verə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00