Azərbaycanın enerji layihələri yüksək qiymətləndirilib
26 Noyabr 2013 14:31 SiyasətDemokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İstanbulda keçirilən Atlantik Şurasının Enerji və İqtisadi sammitində iştirak edib. Sammiti giriş nitqi ilə Türkiyə prezidenti Abdulla Gül açıb. ABŞ-ın energetika naziri Ernest Monis, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, müxtəlif vaxtlarda ABŞ prezidentlərinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləri olmuş general Brent Skoukroft, Samuel Riçard Berger və dünyanın digər məşhur şəxsləri regionun enerji, iqtisadiyyat, siyasət, biznesin inkişafı, mövcud siyasi münasibətlər, qarşılıqlı əlaqələr sahəsindəki çətinliklər və sair məsələlər barədə çıxış ediblər. Zirvədə ən çox Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi Transadriatik Qaz kəməri (TAP) layihəsinin əhəmiyyətinə diqqət yetirilib. Qeyd olunub ki, son illərdə Türkiyə Azərbaycanla birgə həm neft, həm də qaz layihələrini həyata keçirməklə ABŞ-ın və ümumilikdə Avroatlantik məkanın əsas enerji alternativinə çevrilib. Bir sıra Avropa ölkələrinin nümayəndələri də Avropanın məhz Rusiyanın qaz inhisarından qurtarması üçün Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələri xüsusilə vurğulayıb. Asim Mollazadə son illərdə ABŞ və Avropada yaşanan iqtisadi böhranın qlobal siyasətdə doğurduğu təhlükələrdən bəhs edib. O, Rusiyanın region dövlətlərinə təzyiqlərini və Ermənistanın enerji ölkəsi olan Azərbayacana qarşı işğalçılıq siyasətinin törətdiyi fəsadları qeyd edib. Ermənistanın öz müstəqillini itirərək inkişaf səviyyəsinə görə Rusiyanın əyalətlərindən biri olan Kalininqraddan fərqlənmədiyini vurğulayıb. Qeyd edib ki, Ermənistanın Rusiya asılılığı regionda sülhə, sabitliyə və mühüm enerji layihələrinin həyata keçirilməsinə maneçilik törədir. Odur ki, beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər regionun inkişafı üçün Rusiyanın təsirlərini azaltmağa, bölgədəki münaqişələrin həllinə çalışmalıdır.