Ukrayna Azərbaycanlıları Konqresinin sədri Ukraynadakı prosesləri şərh etdi
25 Noyabr 2013 13:21 Siyasət"Ukraynanın paytaxtı Kiyev şəhərinin və qərb bölgəsinin əhalisi ölkənin Avropaya inteqrasiya edilməsinin tərəfdarıdır, digər kəsim isə Rusiyanın təklif etdiyi Avrasiya Birliyinə və Gömrük İttifaqına qoşulmağa razıdır". Bunu Ukrayna Azərbaycanlıları Konqresinin sədri Hikmət Cavadov bildirib.
Onun sözlərinə görə, Kiyevdə və Ukraynanın digər şəhərlərində keçirilən mitinqlər bir daha onu deməyə əsas verir ki, Ukraynanın Avropa Birliyindən imtina etməsi heç də asanlıqla baş verməyəcək, çünki mitinq təc rübəsi və səriştəsi olan insanlar yenə də meydana toplaşaraq Narıncı inqilabında olduğu kimi öz sözlərini deyəcəklər. "Azərbaycanlıların böyük əksəriyyəti bu ölkənin layiqli vətəndaşları olduğundan onlar da mitinqlər də yaxından iştirak edirlər". Xatırladaq ki, bazar günü Kiyevdə baş verən mitinqdə 50 minə yaxın insan iştirak edib. Polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Kiyev mitinqinə dəstək üçün ölkənin Lvov, Xarkov, Ujqorod, Dnepropetrovsk, Donetsk, Odessa, Luçsk və digər şəhərlərində də insanlar küçələrə axışıblar.
Bildirək ki, noyabr ayının 28-29-da Vilnüs şəhərində Şərq Tərəfdarşlığı sammiti keçiriləcək. Ukraynanın həmin sammitdə Avropa Birliyi ilə müqavilə imzalayacağı gözlənilir. Avropa Birliyinin komissarı Ştefan Fule Ukraynada baş verən hadisələrlə bağlı "1+1" telekanalına verdiyi müsahibəsində "Avropa Birliyinin qapıları Ukrayna üçün açıqdır" sözlərini deyib. ans