“Rusiya istəyir ki, Avropa İttifaqı MDB məkanına tərəf genişlənməsin”

Mübariz Əhmədoğlu: “Rusiyanın təzyiqləri ilə yanaşı Avropa İttifaqının özünün də təzyiqləri Ukraynanı vadar etdi ki, bu yoldan çəkilsin”

Məlum olduğu kimi Ukrayna hökuməti Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib. Qəbul edilən qərar  Rusiya Federasiyası və digər MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin itirilmiş istiqamətlərinin və istehsal həcminin bərpası üçün kompleks tədbirlərin daha dəqiq öyrənilməsi və işlənməsi məqsədilə qəbul olunub: "Dövlətin iqtisadi potensialının qorunması və möhkəmləndirilməsi məqsədilə Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoq bərpa edilməlidir".    

Bundan başqa daxili bazarın Ukrayna və Avropa İttifaqı ölkələri arasında paritet münasibətləri təmin edəcək səviyyədə formalaşdırılması da qərarın məqsədlərindən biri kimi göstərilib.

Sözügedən məsələ ilə bağlı politoloq Mübariz Əhmədoğlu fikirlərini "OLAYLAR"a bildirib. Politoloqun sözlərinə görə, bu məsələ ilə bağlı Ukraynaya Rusiya tərəfdən təzyiqlər var idi. "Rusiya istəyir ki, Avropa İttifaqı MDB məkanına tərəf genişlənməsin. Bununla bağlı əməlli-başlı mübarizə aparır" deyə politoloq fikirlərini ifadə edib.

Mübariz Əhmədoğlu qərarın qəbul olunmasında Avropa İttifaqının da Ukraynaya qarşı lazımi münasibət göstərmədiyini səbəb kimi qeyd edib: "Rusiyanın təzyiqi ilə yanaşı Avropa da Ukraynaya normal münasibət göstərmədi. Ukrayna Avropa İttifaqına inteqrasiya edirsə MDB-də olan güzəştli ticarətdən imtina etməlidir. Əgər Ukrayna Avropa İttifaqına tərəf gedirsə Qərb Ukraynaya maliyyə verməlidir. Güzəştli ticarətdən də imtina etmək 10 milyardlarla dollardan imtina etmək deməkdir. Avropa Ukraynaya yer göstərməli idi ki, Rusiyadan, MDB məkanından itirdiyi pulu hardan qazanacaq?"

Politoloq Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun azad olunması tələbinin də qərara təsir etdiyini vurğulayıb: "Ukraynanın Avropa İttifaqına qarşı bu cür addım atmasının əsas səbəblərindən biri də Avropa İttifaqının Timoşenko məsələsini gündəmə gətirməsi idi. Avropa İttifaqı Ukraynanın qarşısında şərt qoyub ki, Timoşenkonun azadlığa buraxsınlar. Ukrayna gördü ki, hələ müqavilə imzalamamış qarşısına bu cür şərtlər qoyursa, müqavilə imzalandıqdan sonra şərtlər bundan da sərt olacaq. Rusiyanın təzyiqləri ilə yanaşı Avropa İttifaqının özünün də təzyiqləri Ukraynanı vadar etdi ki, bu yoldan çəkilsin".

Mübariz Əhmədoğlu fikirlərini bildirərkən Azərbaycana olan münasibətə də toxunub: "Digər bir məsələ isə ondan ibarətdir ki, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle özünü erməni məmuru kimi aparır. Azərbaycanla bağlı bütün məsələlərdə ermənilərlə məsləhətləşir. 2 il yarıma qədər Assosativ müqavilə ilə bağlı Azərbaycanla danışıqlar aparmadı. Çünki bu ermənilərin maraqlarına cavab vermirdi. Sonradan Ştefan Füle gördü ki, Şərqə tərəf genişlənmə proqramında problemlər yaranır. Ona görə də Azərbaycanla da danışıqlara başladı". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00